Avropa İttifaqı Metanı 1,3 milyard dollar cərimələyib
Meta Avropa İttifaqının (Aİ) fərdi məlumatların qorunması qanununu pozaraq, istifadəçi məlumatlarını ABŞ-a göndərdiyi üzə çıxdıqdan sonra 1,3 milyard dollar cərimələnib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, İrlandiya Məlumatların Mühafizəsi Komissiyasından verilən açıqlamaya görə, Meta məlumat ötürülməsi pozuntularına görə 1,3 milyard dollar cərimələnib.
İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının qərarı nəticəsində Meta həmçinin 5 ay ərzində ABŞ-a istənilən şəxsi məlumat ötürülməsini dayandırmalı və 6 ay ərzində məlumatların işlənməsi fəaliyyətini komissiyanın qaydalarına uyğunlaşdırmalıdır.
Meta-nın mövzu ilə bağlı verdiyi açıqlamada, bu vəziyyətin şirkətin gizlilik tətbiqləri ilə əlaqəli olmadığı, ABŞ və Aİ arasında gizlilik hüquqları çərçivəsində köklü bir hüquqi ziddiyyətdən qaynaqlandığı iddia edilib. Bu cərimənin "ədalətsiz" və "lazımsız" olduğu qeyd edilən açıqlamada qərardan şikayət ediləcəyi vurğulanıb.
Qeyd edək ki, Meta-ya tətbiq edilən bu cəza Ümumi Məlumatların Qorunması Qaydası çərçivəsində 16 iyul 2020-ci ildən bəri tətbiq edilən "ən böyük cəza" olaraq qeyd edilib.
