00:00:00
Yazar
Admin User
25.01.2019 12:41 1465 4 dəq oxuma
Sosial

Axı, bu camaat qadın sürücülərdən nə istəyir?

Fatehləri belə idarə etməyi bacaran qadınların adi dəmir parçası olan avtmobilləri layiqincə idarə etmək istəməmələri təəssüf doğurur
Axı, bu camaat qadın sürücülərdən nə istəyir?

Təranə Ziyadzadə - jurnalist

Fatehləri belə idarə etməyi bacaran qadınların adi dəmir parçası olan avtmobilləri layiqincə idarə etmək istəməmələri təəssüf doğurur

Əvvəllər qadın sürücülər haqqında kimsə irad bildirəndə qeyri-ixtiyari etirazıma səbəb olurdu. Heç bəyənmirdim xanımlar haqqında mənfi fikirlər söylənməsini. “Axı, bu camaat qadın sürücülərdən nə istəyir?” deyə düşünürdüm. Hətta mənə elə gəlirdi ki, qadınların hər hansı bir işdə uğur qazanması kişiləri qıcıqlandırır. Qısqanclıqla yanaşırlar belə hallara. Günlərin birində qardaşımın maşınında yol gedirdik. Sükan arxasında təbii ki, qardaşımın özü idi. Bizdən irəlidə gedən bir maşın yol hərəkəti qaydalarına məhəl qoymadan şütüyürdü. Qardaşım: “yüz faiz bu maşını qadın sürür. Gedişindən bilirəm” dedi. O qədər əsəbləşdim ki, mübahisəyə başladıq. Xoşbəxtlikdən həmin vaxt haqlı da çıxdım, çünki sürücü yaşlı kişi idi. Narazı halda qardaşıma: “gördün? Nə qədər pis hadisə olur, hamısını qadınların ayağına yazmağa çalışırsınız” deyib gileyləndim. Düzü, bu mübahisədən haqlı çıxdığm üçün bir az qürrələndim də. Amma sonralar baş verən bir neçə hadisə bu məsələdə mövqeyimin yanlış olduğunu anlatdı mənə.

İndi tam əksini düşünürəm. Buna əsaslı səbəblərim də var. Son vaxtlar xanım sürücülərdə bir xüsusiyyət müşahidə edirəm. Xanımlar maşını idarəetmə qaydalarının tələb etdiyi ağılla deyil, öz qadın emosiyaları ilə sürürlər. Sükan arxasında oturan xanımların əksəriyyətində bəlkə də ixtiyarsız olaraq bir təkkəbbür formalaşır. Özlərini sanki, təkcə idarə etdikləri avtomobillərin deyil, həm də hərəkət etdikləri yolların sahibi hesab edirlər. Elə bil onlar qaydalara deyil, qaydalar onlara tabedir.

Bəlkə də çoxları mənimlə razılaşmayacaq, amma hər kəsin diqqətinə bir neçə məqamı çatdırmağı özümə borc bilirəm. Ümid edirəm k, hörmətli oxucu bunu əslində müşahidə etdiyim nöqsanların aradan qaldırılmasına yardımçı olmaq cəhdim kimi qiymətləndirəcək.

Bu yaxınlarda işdən çıxıb evə gedirdim. Avtobus dayanacağına getmək üçün piyada zolağı ilə yolu keçmək istədim. Həmişə yol keçəndə diqqətli olmağa çalışıram. Bunun da ayrıca bir mədəniyyət olduğunu düşünürəm. Amma əlbəttə ki, piyadaların yol hərəkəti qaydalarına ciddi əməl etməyimin əsas səbəbi, hər şeydən əvvəl özümün və sürücülərin həyatını təhlükə qarşısnda qoymamaqdı. Bu dəfə də eyni təmkinlə, bacardıqca ehtiyyatlı olmağa çalışaraq yolu keçirdim. Piyada zolağına ayaq qoyduğum an bütün maşınlar dayanıb mənə yol verdi. Əslində doğrusu da elə bu idi. Bir maşının sürətlə gəldiyini, hətta məni görmədiyini, yaxud görüb əhəmiyyət vermədiyini aralıdan hiss edib hərəkətimi ləngitdim. Anladım ki, əgər piyada keçidi qaydalarına əməl edəsi olsam, həyatımla vidalaşa bilərəm. Haqlı da çıxdım. Maşın mənə məhəl qoymadan qarşımdan çox sürətlə keçib getdi. Əgər onun digər maşınlar kimi dayanmalı olduğunu və dayanacağını düsünsəydim, bu mənim yolu sonuncu dəfə keçmək cəhdim olacaqdı. O maşının gəldiyi sürətlə məni vurub hara atacağını təsəvvür belə etmək istəmirəm. Maşın qarşımdan keçəndə sükan arxasında başını dik tutmuş, özündənrazı gənc bir xanımın əyləşdiyini gördüm. Bir anlıq düşündüm ki, əslində səhv məndədir. Yolu piyada keçidindən keçməkdə yanlış hərəkət etmişəm. Ardınca öz aləmimdə sürücüyə haqq qazandırmağa da çalışdım. “Bəlkə qaydaları bilmir”-deyə düşündüm. Amma sonra: “Bu lap pis. Yol hərəkəti qaydalarını bilməyən adam necə maşın sürə bilır axı?! Heç kimin həm özünün, həm də başqalarının həyatını risk altına atmağa haqqı yoxdur.” içimdə deyindim. Bəlkə də kimlər üçünsə bu, çox sadəlövh yanaşmadır. İndi yol hərəkəti qaydalarını bilən və ona əməl edən çox az sayda sürücünün olduğunu unutdum. Fikirləşmədim ki, artıq bu bizdə adi haldır. Əslində qaydalara əməl edənlərə pis baxırlır bizim ölkədə. Qorxaq kimi qiymətləndirilirlər belələri...



Rastlaşdığım növbəti hadisə isə mənim xanım sürücülər haqqında möbqeyimin tamamilə dəyişməsinə səbəb oldu. Avtomobillə yol getdiyim an qarşıdan bir maşının “ziq-zaq” formada irəlilədiyini gördüm. Əvvəlcə sürücünün sərxoş olduğunu, ona kömək lazım gəldiyini düşündüm. Hardasa qəza törədəcək – deyə narahat olmağa başladım. Amma yanından keçəndə maşını idarə edənin qadın olunduğunu gördüm. Təəssüflənməkdən başqa əlimdən heç nə gəlmədi. Diqqətimi çəkən və mənə bir az da məzəli təsir bağışlayan mənzərə isə o idi ki, yolla hərəkət edən bütün maşınlar özünü o maşından qorumağa çalışırdılar. Onun yanından keçəndə hətta əlini göyə açıb “şükür” edən sürücülər də gördüm. Əslində belə hallarla çox rastlaşmışam. Amma o qədər də əhəmiyyət verməmişəm. Lakin son hadisələr mənə çox pis təsir etdi. Çünki mən qadınların cəmiyyətdəki mövqeyini, bacarığını, çox yüksək dəyərləndirirənlərdənəm. Fikrimcə onlar cəmiyyətin sütunudur. Bütün bəşəriyyət onların təfəkkürünün aynasıdır. Bəlkə də elə bu cür yanaşdığım və onları daim zirvədə gördüyümdəndir ki, belə adi, bəsit hərəkətlər mənim üçün qəbulolunmazdır. Amma hər halda bütün müşahidələrimdən sonra bir qənaətə gəldim ki, insan kim olursa olsun, hansı peşə, hansı vəzifə sahibi olursa olsun, bacardığı işi icra etməlidir. Mən qadınlardan yaxşı sürücü olmalarını gözləmirəm. Amma tarixin bütün dönəmlərində dünyanı idarə edən kişiləri yönəldən qadınların maşını da yüksək qabiliyətlə idarə edə biləcəklərinə inanıram.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər