Uşaqlarda xərçəngin əlamətləri asanlıqla nəzərdən qaça bilər-DİQQƏT EDİLMƏLİ MƏQAMLAR
Nadir hallarda rast gəlinsə də, xərçəng Böyük Britaniyada 15 yaşdan kiçik uşaqlar arasında xəstəliklərdən ölümün əsas səbəbidir. “Cancer Research UK” təşkilatının məlumatına görə, hər il 0–14 yaş arası təxminən 1900 uşağa xərçəng diaqnozu qoyulur. Valideynlərin isə üçdə birindən bir qədər az hissəsi xəstəliyin əlamətlərini tanımaqda özünə əmin olduğunu bildirir.
Hazırda xəstəliyi remissiya mərhələsində olan 13 yaşlı Amelia Carrolla ötən il kəskin mieloid leykemiya diaqnozu qoyulub. Onun anası Gemma bildirib ki, qızında əvvəlcə yorğunluq və yüngül fiziki fəaliyyətdən sonra təngnəfəslik müşahidə olunub. Bu əlamətlər adi yorğunluqla əlaqələndirilib. Lakin sonradan yaranan göyərmələr narahatlıq doğurub və 10 gün ərzində Ameliaya leykemiya diaqnozu qoyulub.
Uşaq onkoloqu professor Bob Phillips valideynləri uzun müddət davam edən və ya getdikcə ağırlaşan əlamətlərə diqqət yetirməyə çağırıb.
Həkimə müraciət etməyi tələb edə biləcək əlamətlər bunlardır:Həddindən artıq yorğunluq;
Dərinin nəzərəçarpacaq dərəcədə solğunlaşması;
Səbəbi bilinməyən göyərmələr;
Böyüyən və ya uzun müddət keçməyən şişkinliklər.
Mütəxəssislər diaqnozun daha tez qoyulması üçün maarifləndirmə kampaniyası aparırlar. Kampaniyada yer alan “üç qaydası”na əsasən, uşaqda üç davamlı simptom müşahidə olunarsa, həkimə üç dəfə müraciət edilərsə və ya səbəbi bilinməyən əlamətlər üç həftə davam edərsə, onun mütəxəssisə yönləndirilməsi nəzərdən keçirilməlidir.
Böyük Britaniyada uşaqlarda xərçəngdən sağqalma göstəricisi 80 faizdən yüksəkdir. Mütəxəssislər bildirirlər ki, erkən diaqnoz daha az intensiv müalicəyə imkan yarada bilər.
Erkən diaqnozun əhəmiyyətiProfessor Phillipsin sözlərinə görə, Böyük Britaniyada xərçəng diaqnozu qoyulan uşaqların təxminən yarısında xəstəlik iki həftə ərzində müəyyən edilir. Lakin digər uşaqların diaqnoz almaq üçün aylarla gözləməsi narahatlıq doğurur.
“Cancer Research UK” təşkilatının məlumatına əsasən, ölkədə hər il 400 mindən çox yeni xərçəng hadisəsi qeydə alınır. “British Medical Journal”ın (BMJ) məlumatına görə, xəstələrin yalnız 54 faizi Milli Səhiyyə Xidmətinin müəyyən etdiyi 28 günlük müddət ərzində diaqnoz alır.
Oğlunun xatirəsini yaşatmaq üçün maarifləndirmə aparır.Lynsey Swinscoe 13 yaşında yumşaq toxuma xərçəngindən vəfat edən Ceykin anasıdır. Oğlunda əvvəlcə burun tutulması, göz yaşarması və yorğunluq müşahidə edilib. Bu əlamətlər allergiya və məktəb yorğunluğu ilə əlaqələndirilib. Sonradan burnunda şiş aşkar edildikdə ona yumşaq toxuma sarkoması diaqnozu qoyulub.
Ceyk doqquz kimyaterapiya kursu və proton şüa terapiyası keçib. Lakin müalicə zamanı səhhətində yaranan ağırlaşmalardan sonra müalicəni davam etdirməkdən imtina edib. O, 2024-cü il aprelin 26-da, 14 yaşına çatmasına iki həftə qalmış vəfat edib.
Lynsey bildirib ki, oğlunu bu gün də insanların xatırlaması onun üçün çox vacibdir. O, maarifləndirmə işləri aparmaqla Ceykin xatirəsini yaşatmağa çalışır.
“İstəyirəm ki, insanlar Ceykin kim olduğunu və necə möhtəşəm bir insan olduğunu bilsinlər. Düşünürəm ki, maarifləndirmə onun insanlara qoyduğu mirasdır”, – deyə o, qeyd edib.
Nurgün Qənizadə
BBC XƏBƏR