Konqoda Ebola virusundan ölənlərin sayı artıb - ŞƏRH
Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusuna yoluxma nəticəsində 4 381 nəfər ölüb, yoluxma hallarının sayı isə 9066-ya çatıb.
Virusdan ölənlərin sayının 4300-ü ötməsi xəstəliyə qarşı mübarizə və onun yayılmasının qarşısının alınması məsələlərini yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı səhiyyə eksperti Rasif Bağırov “İnformator.az”a açıqlamasında bildirib ki, Ebola virusu ilk dəfə 1976-cı ildə, eyni vaxtda indiki Cənubi Sudan və Konqo Demokratik Respublikasında qeydə alınan epidemiyalar zamanı aşkarlanıb. Onun sözlərinə görə, xəstəlik xüsusilə bu regionlarda vaxtaşırı baş verir və yoluxma ocaqlarının vaxtında müəyyənləşdirilməsi virusun yayılmasının qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.
Ekspert qeyd edib ki, “Ebola” ağır gedişə malik, yüksək hərarətlə başlayan və xəstəliyin sonrakı mərhələlərində həzm sistemi pozuntuları, böyrək və qaraciyər funksiyalarının zəifləməsi, bəzi hallarda isə daxili və xarici qanaxmalarla müşayiət olunan infeksiyadır.
Onun sözlərinə görə, xəstəliyin yayılmasının əsas yollarından biri yoluxmuş şəxsin qanı və digər bədən mayeləri ilə birbaşa təmasdır. Bu səbəbdən xəstələrlə təmas zamanı qoruyucu tədbirlərin görülməsi və yoluxma hallarının erkən aşkarlanması xüsusi əhəmiyyət daşıyır.
Ekspertin sözlərinə görə, “Ebola”virusuna qarşı mübarizədə müasir tibbin imkanları genişlənib. Xəstəliyin müəyyən növlərinin müalicəsində monoklonal anticisimlərdən istifadə olunur. Bu preparatların tətbiqi ilə yanaşı, xəstələrə vaxtında tibbi yardım göstərilməsi və ağırlaşmaların nəzarətdə saxlanılması da vacibdir.
Ekspert “Ebola” virusuna qarşı vaksinlərin də hazırlandığını xatırladaraq onların xəstəliyin yayılmasının qarşısının alınmasında əhəmiyyətini vurğulayıb.
Beynəlxalq hava nəqliyyatı və insanların ölkələrarası hərəkətinin virusun digər regionlara yayılmasına təsirini şərh edən ekspert bildirib ki, Ebola hava-damcı yolu ilə yayılan infeksiyalarla müqayisədə daha məhdud ötürülmə xüsusiyyətinə malikdir.
Onun sözlərinə görə, virus əsasən yoluxmuş şəxsin qanı və digər bədən mayeləri ilə təmas nəticəsində yayılır. Bu xüsusiyyət xəstəliyin geniş coğrafi ərazilərə sürətlə yayılması ehtimalını müəyyən qədər azaltsa da, beynəlxalq yayılma riskini tam aradan qaldırmır.
Ekspert əlavə edib ki, xəstəliyin inkubasiya dövründə yoluxmuş şəxsin simptomları hələ üzə çıxmadığından onun aşkarlanması çətinləşə bilər.
Ekspert hesab edir ki, Konqoda ölüm hallarının artmasının səbəblərindən biri yoluxma ocaqlarının vaxtında müəyyənləşdirilməməsi və tibbi müdaxilənin gecikməsi ola bilər. Buna görə də xəstəliyin erkən aşkarlanması, yoluxmuş şəxslərlə təmasda olanların müəyyən edilməsi və müvafiq profilaktik tədbirlərin görülməsi epidemiyaya qarşı mübarizədə mühüm rol oynayır.
Ada Hacızadə