00:00:00
Yazar
Zəhra Həsənova
28.10.2026 23:14 34 2 dəq oxuma
Siyasət

Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü rolunu oynayır

Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü rolunu oynayır

Azərbaycan əsrlər boyu Avropa ilə Asiyanı birləşdirən mühüm coğrafi və mədəni məkan olub. Tarixi İpək Yolundan müasir beynəlxalq əməkdaşlıq platformalarına qədər ölkəmiz Şərqlə Qərb arasında əlaqələrin inkişafına mühüm töhfələr verib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, Azərbaycan əlverişli coğrafi mövqeyi sayəsində əsrlərdir Avropa və Asiya arasında mədəniyyətlərarası əlaqələrin inkişafında mühüm rol oynayır.

 

“Azərbaycan Avropa və Asiya arasında yerləşən unikal coğrafi-strateji mövqeyi sayəsində əsrlər boyu bu iki qitə arasında mədəni, tarixi və mənəvi dialoqu təmin edən mühüm körpü rolunu oynayıb. Azərbaycanın Avropa və Asiya arasında bir çox mədəni əlaqələri və töhfələri var. Azərbaycan qədim zamanlardan Şərqlə Qərbi birləşdirən Böyük İpək Yolunun mühüm kəsişmə nöqtələrindən biri olub. Bu ticarət yolları yalnız malların deyil, həm də elm, incəsənət, fəlsəfə və adət-ənənələrin iki qitə arasında qarşılıqlı ötürülməsinə şərait yaradıb. Ölkə cəmiyyətində müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələri əsrlər boyu sülh və qarşılıqlı hörmət şəraitində yaşayıb”.

 

Ekspert qeyd edib ki, bu tolerantlıq mühiti indi də Şərq dəyərləri ilə Avropa humanizm prinsiplərinin qovuşduğu unikal sosial harmoniya yaradır. Azərbaycan qlobal səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq edən tədbirlərə ev sahibliyi edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılan və beynəlxalq miqyas alan Bakı Prosesi və onun tərkib hissəsi olan Mədəniyyətlərarası Dialoq Forumları Şərq və Qərb sivilizasiyaları arasında körpü rolunu daha da gücləndirir. Ən son tədbirlərdən olan Bakıdakı Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu bu əməkdaşlığı davam etdirir. 
 

Tural İrfanın sözlərinə görə, Azərbaycanın UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmiş muğam sənəti, xalçaçılıq məktəbləri və qədim memarlıq abidələri Şərq fəlsəfəsi ilə Avropa estetikasının elementlərini özündə birləşdirir. Klassik ədəbiyyatımızın nümayəndələri olan Nizami Gəncəvi kimi dahilər həm Asiyada, həm də Avropada ortaq bəşəri dəyərlər kimi qəbul olunur. Həmçinin Azərbaycan türk dünyası və Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqı arasında təhsil, mədəniyyət, idman və humanitar proqramlar vasitəsilə inteqrasiya proseslərini dəstəkləyir. Ümumiyyətlə Azərbaycan Avropa və Asiya ölkələri arasında əhəmiyyətli mədəni körpü rolunu oynamaqla Şərq və Qərb sivilizasiyalarının qovşağı olaraq dünyaya böyük töhfələr bəxş etmiş olur.


Arzum Ağazadə

#asiya #arasında #rolunu #körpüsü
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər