Rusiya və İran prezidentlərinin müzakirələri regiondakı siyasi proseslərə təsir göstərə bilər
Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian regiondakı vəziyyəti, eləcə də iki ölkə arasında iqtisadi-ticari və humanitar əməkdaşlığın inkişafını müzakirə ediblər.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, İran Prezidenti Məsud Pezeşkian oktyabrın 27-də Moskvaya səfər edib və qaz ixrac edən ölkələrin sammitində iştirak edib.
“İranla Rusiya arasında strateji əlaqələr mövcuddur. Hamımıza məlumdur ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri İran raketləri və “Şahid” dronları ilə Rusiyaya ciddi dəstək göstərib. ABŞ-İsrail-İran müharibəsi başlayanda Rusiya İrana həm siyasi, həm də hərbi dəstək göstərib”.
Politoloq qeyd edib ki, Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər. Görüş zamanı ABŞ və İsrailin İrana mümkün hücumları da müzakirə mövzusu olub. Tərəflərin bu məsələlərlə bağlı müəyyən məqamları qapalı şəkildə müzakirə etdikləri ehtimal olunur.
“Rusiya İrana hərbi dəstək göstərir və İranın müxtəlif sahələrdə inkişafında Rusiyanın mühüm rolu var. Hesab edirəm ki, hər iki ölkə regionda vəziyyətin yaxşılaşdırılması istiqamətində addımlar ata bilər. Lakin əksinə, bu ölkələrin regionda gərginliyin artmasına səbəb olan addımlar atdıqlarını düşünürəm. Çünki uzun illərdir Rusiya regionda, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində münaqişələrin yaranmasına və davam etməsinə təsir göstərib”.
Elşad Həvəsnovun sözlərinə görə, 2020-ci ildə Azərbaycanın öz torpaqlarını azad etməsindən və 2023-cü ildə suverenliyini tam bərpa etməsindən sonra Rusiyanın regiondakı rolu azalıb. Hazırda Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğu əsasən Ermənistanla bağlıdır. Bununla belə, Ermənistanda da Rusiyanın nüfuzunun tədricən azalması və mövqelərinin zəifləməsi müşahidə olunur.
“Rusiya və İran Cənubi Qafqazda öz təsirlərini qorumağa çalışırlar. Hesab edirəm ki, İranın TRİPP marşrutuna qarşı çıxmasında bu amil də rol oynayır və Rusiyanın da bu mövqeyə müəyyən dəstək verdiyi ehtimal olunur. 2020-ci il üçtərəfli Bəyanatına əsasən, Zəngəzur dəhlizində Rusiya qüvvələrinin nəzarətçi rol oynaması nəzərdə tutulurdu. Buna görə də yeni marşrutun reallaşması Rusiyanın regiondakı təsir imkanlarına təsir edə bilər”.
Politoloq sonradan Ermənistan tərəfinin razılaşmanın müvafiq şərtlərini qəbul etmədiyini vurğulayıb. Nəhayət, 2025-ci il avqustun 8-də TRİPP marşrutu ilə bağlı bəyannamə imzalandı və hazırda marşrutun tikintisi istiqamətində müəyyən işlər görülür.
“Gələcəkdə həm Rusiya, həm də İran TRİPP marşrutunun reallaşmasına mane olmaq üçün müəyyən addımlar ata bilərlər. Çünki İran bu marşrut çərçivəsində ABŞ hərbçilərinin öz sərhədlərinə yaxın ərazilərdə mövcudluğunda maraqlı deyil. Bu səbəbdən də İran rəsmiləri marşrutla bağlı mövqelərini ifadə edərək bunun onlar üçün “qırmızı xətt” olduğunu bildiriblər. Ona görə də həm Rusiya, həm də İran Cənubi Qafqazda öz nüfuzlarını qorumağa və regiondakı proseslərə təsir göstərməyə çalışırlar. Lakin hesab edirəm ki, onların bu cəhdləri nəticə verməyəcək”.
Elşad Həsənov qeyd edib ki, Azərbaycanın həm Rusiya, həm də İranla normal münasibətləri var. İranla mehriban qonşuluq əlaqələrini qoruyub saxlayırıq, Rusiya ilə isə strateji müttəfiqliyimiz mövcuddur. Son dövrlərdə Rusiya ilə iqtisadi, siyasi və ticarət əlaqələrimiz də inkişaf edir. Rusiya Prezidenti Vladimir Putin də son tədbirdə Azərbaycanla münasibətlərin normal olduğunu və iqtisadi əməkdaşlığın inkişaf etdiyini bildirib.
“Hesab edirəm ki, hər iki ölkə TRİPP marşrutunun ABŞ-ın dəstəyi ilə reallaşdırılmasını istəmir və buna mane olmağa çalışa bilər. Bu baxımdan, gələcəkdə Azərbaycanın müəyyən çətinliklərlə üzləşməsi mümkündür. Azərbaycan həm Rusiya, həm də İranla siyasi, diplomatik və ticarət əlaqələrini qoruyur, xoş qonşuluq münasibətlərinin inkişafına çalışır. Lakin bu ölkələr Cənubi Qafqazda öz təsirlərini saxlamaqda maraqlıdırlar. Zəngəzur dəhlizinin mühüm beynəlxalq nəqliyyat-kommunikasiya marşrutu olduğunu nəzərə alsaq, hər iki ölkənin bu prosesdə öz maraqlarını təmin etməyə çalışdığı görünür”.
Aynur Əhmədli