Azərbaycan-İtaliya münasibətləri: Bakı ilə Roma arasında siyasi etimadın iqtisadi dəyəri
2025-ci ildə Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr qazın 9,5 milyard kubmetri İtaliyaya göndərilib. Bu, ümumi ixracın 38 faizidir. İki ölkə arasında kritik xammal, nəqliyyat və investisiya sahələrində də əməkdaşlıq genişlənib. TAP və TRIPP layihələri, eləcə də siyasi etimad Azərbaycan-İtaliya tərəfdaşlığının gələcək inkişafında mühüm rol oynayıb.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın genişlənməsi Cənubi Qafqazın iqtisadi inkişafına müsbət töhfə verə bilər və ölkəmizin mövqeyini gücləndirə bilər:
“G7-yə daxil olan İtaliya dünyanın ən inkişaf edən ölkələrindən biri kimi geniş sənaye potensialına, zəngin Avropa bazarına və ödəniş baxımından əlverişli ticarət mühitinə malikdir. Strateji tərəfdaşımız olan İtaliya ilə bu əlaqələr Avropada yeni tərəfdaşlar qazanmaq və münasibətləri möhkəmləndirmək baxımından da əhəmiyyətlidir.
İki ölkə arasında ticarət əlaqələrinin genişlənməsi və müasir sahələrə üstünlük verilməsi vacibdir. Ticarət azad olduğu üçün hansı sahələrin perspektivli olduğunu sahibkarlar özləri müəyyənləşdirib”.
Müsahibin sözlərinə görə, Azərbaycan hökuməti İtaliya şirkətlərinin ölkəmizdəki layihələrdə iştirakı üçün sərmayələrin cəlb olunmasına çalışıb:
“Bu çərçivədə alternativ enerji istehsalı, nəqliyyat, logistika və tranzit imkanlarına investisiyalar, ənənəvi neft-qaz əməkdaşlığı, eləcə də İtaliya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda iştirak imkanları müzakirə olunub. Hazırda İtaliyaya ixracımızda əsas payı neft və qaz tutur, digər məhsullarla bu bazara çıxış isə hələ məhduddur. Cənub Qaz Dəhlizi və onun davamı olan TAP layihəsi vasitəsilə qaz Yunanıstana və İtaliyaya, ordan da interkonnektorlar vasitəsilə digər Avropa ölkələrinə ötürülüb”.
Nəticə olaraq iqtisadçı qeyd edib ki, Azərbaycanın qaz ixracının 38%-i İtaliyanın payına düşür:
“Neftimizin ən böyük alıcısı İtaliyadır və ümumilikdə ixracımızın böyük hissəsi bu ölkəyə yönəlib. Uzunmüddətli baxımdan Azərbaycan iqtisadiyyatının 40%-dən çoxu İtaliya ilə bağlıdır.
Müsbət siyasi münasibətlərlə yanaşı, enerji sahəsində SOCAR-ın və Dövlət Neft Fondunun fəallığı da diqqət çəkir və son məlumatlara görə, Neft Fondunun aktivlərinin təxminən 4%-i İtaliyada yerləşir”.
Aysu Abbasova