"Azərbaycan regionun etibarlı enerji təminatçısı kimi mövqeyini daha da gücləndirir"- DEPUTAT
Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında enerji əməkdaşlığının daha da inkişafına xidmət edən mühüm sənədi təsdiqləyib. Dövlət başçısının imzaladığı yeni fərmana əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş" qüvvəyə minib. 2026-cı il mayın 18-də Bakıda imzalanan bu saziş iki ölkə arasında enerji sahəsində strateji tərəfdaşlığın möhkəmləndirilməsinə, elektrik enerjisinin ixrac imkanlarının genişləndirilməsinə və regional enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlib.
Mövzu ilə bağlı “İnformator.az”a danışan Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bildirib ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində fəal aktor kimi dünyanın siyasi arenasında özünəməxsus çəkiyə malik olan bir ölkədir:
“Öz milli maraqlarına uyğun olaraq beynəlxalq siyasi arenaya uğurla inteqrasiya etməkdədir. Bu gün Azərbaycan regionda tranzit enerji təminatçısı və etibarlı iqtisadi tərəfdaş olan dövlət kimi böyük potensiala, eyni zamanda siyasi nüfuza malik olan qüdrətli ölkədir. Bu baxımdan "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş"in təsdiq edilməsi ilə bağlı Prezident Fərmanı da mühüm əhəmiyyətə malikdir. Müasir dövrdə dövlətlərin enerji təhlükəsizliyinin təmin olunması milli təhlükəsizliyin təmin olunması qədər əhəmiyyətli və prioritet məsələdir. Dayanıqlı enerji təminatı olmadan ticarətin, istehsalın, kənd təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin inkişafından söhbət gedə bilməz. Xüsusilə bu gün texniki tərəqqinin inkişaf edərək yüksək səviyyəyə çatmasını, süni intellektin tətbiqini, elektron hökumətin yaradılmasını dayanıqlı enerji olmadan təsəvvür eləmək mümkün deyil. Ölkəmizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərindən böyük potensial var. Artıq Azərbaycan dörd qonşu ölkəyə ixracı təmin edib. Ölkəmizin gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxması üçün belə iqtisadi layihələrin və stansiyaların inşa olunması ixrac imkanlarımızı artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir".
Mehriban Yariyeva