00:00:00
Yazar
Zəhra Həsənova
25.11.2026 22:37 75 3 dəq oxuma
Siyasət

Kostanyan: Rusiya ilə münasibətləri kəsmək niyyətində deyilik

Kostanyan: Rusiya ilə münasibətləri kəsmək niyyətində deyilik

Ermənistan və Rusiya arasında son dövrlərdə müşahidə olunan siyasi gərginlik fonunda İrəvan Moskva ilə münasibətlərin gələcəyinə dair mövqeyini açıqlayıb. Ermənistan rəsmiləri ikitərəfli əlaqələrin kəsilməsində deyil, mövcud problemlərin aradan qaldırılmasında və münasibətlərin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirirlər.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Elşad Mirbəşiroğlu bildirib ki, Rusiya-Ermənistan münasibətləri Azərbaycan-Ermənistan sülh prosesinə müəyyən təsir göstərir, çünki Moskvanın Cənubi Qafqazda geosiyasi maraqları mövcuddur.

 

“Rusiya–Ermənistan münasibətlərinin hazırkı xarakteri ilə birbaşa Azərbaycanla Ermənistan arasındakı sülh prosesini əlaqələndirmək doğru olmazdır. Bütün hallarda keçmiş münaqişə iştirakçısı olan Ermənistanla Rusiya arasında münasibətlərin xarakteri bu və ya digər dərəcədə proseslərə təsir göstərir. Çünki Rusiya heç vaxt gizlətmir, Cənubi Qafqazda özünün maraqları mövcuddur.

Dünyanın aparıcı güclərinin Cənubi Qafqazda ciddi maraqları mövcuddur. Bu region strateji əhəmiyyətli bir regiondur və bütövlükdə dünyanın geosiyasi və geoiqtisadi vəziyyətinə təsir edən bir regiondur. Ona görə də sadəlövhlük olardı əgər düşünsəydik ki, Cənubi Qafqaz regionunda böyük dövlətlərin maraqları mövcud deyil. Bu maraqlar mövcuddur. Ona görə də Rusiyanın bu region ölkələri ilə münasibətləri proseslərə dərəcədə təsir göstərir.”

 

Ekspert qeyd edir ki, Ermənistan tərəfi Paşinyan hökuməti hakimiyyətə gəldiyi ilk dövrdən etibarən həm Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşdırmaq niyyətini açıq ifadə edir, həm də Ermənistanla Avrasiya İqtisadi İttifaqı arasında məsafə qoymağa çalışırdı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyəti dondurmaq imkanları mövcuddur və Ermənistan bu imkanlardan yararlanıb və yararlanmaqdadır. Faktiki olaraq, bu gün Ermənistan KTMT-nin işində iştirak etmir. Ermənistanın təşkilatın fəaliyyətində iştirak etməməsinin səbəbi birbaşa Azərbaycanla münaqişə vəziyyəti və ya sonrakı sülh prosesi ilə bağlı deyil.

 

Elşad Mirbəşiroğlunun sözlərinə görə, 2018-ci ildə Paşinyan hökuməti KTMT-nin baş katibi, erməni əsilli Xaçaturova qarşı cinayət prosesinə başladı. Vətən müharibəsi dövründə isə Ermənistan KTMT-dən dəstək istədi. Rusiya Prezidenti Vladimir Putin hərbi əməliyyatların Ermənistan ərazisində aparılmadığını əsas gətirərək təşkilatın müdaxiləsinin mümkün olmadığını bildirdi. Paşinyan bu vəziyyətdən istifadə edərək alternativ təhlükəsizlik əməkdaşlığı istiqamətlərinin axtarılmasını gündəmə gətirdi və Ermənistanın KTMT-dən uzaqlaşması üçün siyasi zəmin yaratdı.

 

Ekspert hesab edir ki,  Avrasiya İqtisadi İttifaqının Ermənistana verdiyi iqtisadi üstünlükləri hələlik Avropa İttifaqı əvəz edə bilmir. Avropa İttifaqı bu istiqamətdə müəyyən cəhdlər etsə də, Rusiya və ittifaqa üzv digər ölkələrin bazarlarını tam şəkildə əvəz etmək iqtidarında deyil. Eyni zamanda, Rusiyanın Ermənistan üzərində dəmir yolu infrastrukturu, energetika və xarici ticarət sahələrində ciddi təsir imkanları qalmaqdadır. Ermənistanın bu iqtisadi asılılıqdan qısa müddətdə qurtulması çətindir.


Siyasi şərhçi qeyd edir ki, Rusiya-Ermənistan münasibətlərindəki gərginliyin əsas səbəbi isə 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlməsi və ölkənin xarici siyasət istiqamətində baş verən dəyişikliklərdir. Paşinyanın hakimiyyətə gəlməsində maraqlı olan müəyyən dairələrin Ermənistanın Rusiyanın təsir imkanlarına malik olduğu siyasi platformalardan uzaqlaşması istiqamətində geosiyasi şərtlər irəli sürdüyü ehtimal olunur. Bununla belə, Rusiya ilə Ermənistan arasında münasibətlərin bütün sahələr üzrə tamamilə qırılması yaxın perspektivdə real görünmür. Çünki iki ölkə arasında mövcud iqtisadi və strateji bağlılıqlar Ermənistanın Rusiyadan birdən-birə uzaqlaşmasını çətinləşdirir.


Arzum Ağazadə

#niyyətində #baki #kəsmək #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər