Azərbaycan universitetləri QS reytinqində uğurlu nəticə əldə edib
Quacquarelli Symonds (QS) beynəlxalq reytinq agentliyinin açıqladığı “QS dünya universitetləri reytinqi”ndə Azərbaycanın ali təhsil müəssisələri ilk dəfə olaraq mühüm nailiyyət əldə edib. Nəticələrə əsasən, ölkə tarixində ilk dəfə 3 universitet TOP 800-lükdə yer alıb, ümumilikdə isə 10 Azərbaycan universiteti bu reytinqdə təmsil olunub. Bu göstərici ölkədə ali təhsilin beynəlxalq səviyyədə mövqeyinin gücləndiyini nümayiş etdirir.
Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli “İnformator.az”a açıqlamasında bildirib ki, biz artıq Cənubi Qafqaz regionunda lider mövqedəyik:
"Azərbaycan ali təhsil müəssisələrinin QS dünya universitetləri reytinqində də əldə etdiyi son tarixi nəticələr şübhəsiz ki, ölkəmizin təhsil xəritəsində yeni bir mərhələnin başlanğıcıdır. Biz yaxın illərə qədər bu reytinqdə top 800-lükdə bircə universitetimizin belə təmsil olunmadığı halda, qısa müddətdə bu göstəricilərimizin üçə yüksəlməsi və ümumilikdə 10 universitetimizin qlobal siyahıya daxil olması, təsadüfi bir uğur deyil. Bu nəticə, ilk növbədə, Azərbaycan ali təhsilinin vizual mövcudluq mərhələsindən, artıq keyfiyyət və rəqabətə davamlılıq mərhələsinə keçdiyini göstərən ciddi bir indikator, qlobal akademik mühitdə ölkəmizin çəkisinin artmasının əyani sübutudur. Bu sıçrayış ölkənin ali təhsil sisteminin inkişafı, institusional yetkinliyi və idarəetmə keyfiyyəti barədə çox aydın bir mesaj verir. Universitetlərimiz bu səviyyəyə yüksəlməsi sübut edir ki, yerli ali təhsil ocaqlarımız artıq yalnız daxili bazar üçün kadr hazırlayan strukturlar deyil, beynəlxalq standartlara cavab verən, elmi-tədqiqat potensialı olan institutlara çevriliblər. QS reytinqinin metodologiyasına nəzərə salsaq görərik ki, orada akademik nüfuzla yanaşı məzunların məşğulluq göstəriciləri, işəgötürənlərin rəyləri, beynəlxalq tədqiqat şəbəkələri və s. bu meyarların hər biri mütləq şəkildə nəzərə alınır. Biz artıq Cənubi Qafqaz regionunda bu göstəricilərə görə lider mövqedəyik və bu, Azərbaycan təhsilinin regional mərkəzə çevrilməsi hədəfinə tamamilə uyğundur. Təbii ki, bu kütləvi uğurun arxasında son illərdə dayanan dövlət səviyyəsində həyata keçirilən sistemli və fundamental islahatlar dayanır".
Həmçinin ekspert qeyd edib ki, biz artıq beynəlmiləlləşmə prosesinin real bəhrəsini görürük:
"Digər universitetlərin də mövqelərini sürətlə yaxşılaşdırılmasının bir neçə əsas islahat dalğası ilə əlaqələndirə bilərik. Birincisi, universitetlərdə keyfiyyət təminatı sistemlərinin qurulması, daxili akkreditasiya mexanizmlərinin işə düşməsi və idarəetmənin müasirləşdirilməsidir.
İkincisi və ən önəmlisi, elmi fəaliyyətin stimullaşdırılması, beynəlxalq nüfuzlu, məsələn, Scopus-dur, Web of Science-dir ki, bu bazalarda indekslənən jurnallarda yerli alimlərimizin məqalələri və onlara edilən istinadların sayının artmasıdır. Həmçinin dövlət proqramları çərçivəsində də xaricdə təhsil alıb qayıdan gənc mütəxəssislərin universitetlərin idarəetmə, akademik heyətinə inteqrasiyası, beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsinin, yəni coğrafiyasının daha da genişlənməsi ali təhsilimizə istənilən halda yeni nəfəs gətirdi.
Biz artıq beynəlmiləlləşmə prosesinin, yəni həm xarici tələbə, həm müəllim cəlbinin, həm də qlobal elmi layihələrdə iştirakının real bəhrəsini görürük. Digər universitetlərimizin də bu dinamikanı qoruması üçün elmi tədqiqatların maliyyələşdirilməsinin artırılması lazımdır və təhsilin məzmunca rəqəmsallaşdırılması islahatları da davamlı xarakter daşımalıdır".
Samirə Allahverdizadə