00:00:00
Yazar
Ayan Sadi
25.11.2026 22:20 89 2 dəq oxuma
Siyasət

Azərbaycan və Monteneqro iqtisadi əlaqələri –investisiya və turizm əməkdaşlığının perspektivləri

Azərbaycan və Monteneqro iqtisadi əlaqələri –investisiya və turizm əməkdaşlığının perspektivləri

 

 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Monteneqronun Baş naziri Miloyko Spayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkə arasında iqtisadi, investisiya, turizm, infrastruktur və enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Monteneqronun Baş naziri Azərbaycanın bu ölkəyə yatırdığı sərmayələrin iqtisadiyyata müsbət təsir göstərdiyini bildirib.

 

Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Monteneqro arasında iqtisadi münasibətlərin inkişafı üçün geniş imkanlar mövcuddur. Onun sözlərinə görə, Azərbaycanın Monteneqroya yatırdığı investisiyalar iki ölkə arasında əməkdaşlığın real iqtisadi məzmun qazanmasına şərait yaradır.

 

Ekspert qeyd edib ki, bu sərmayələr Monteneqro iqtisadiyyatına kapital axınını artırmaqla yanaşı, Azərbaycan şirkətlərinin Avropa bazarında mövqelərini genişləndirməsinə də imkan verir. Qarşılıqlı investisiyalar ticarət dövriyyəsinin artmasına və yeni biznes əlaqələrinin qurulmasına töhfə verə bilər.

 

Akif Nəsirlinin fikrincə, Monteneqroda Azərbaycan investorları üçün ən perspektivli istiqamətlərdən biri turizm sektorudur. Adriatik dənizinin sahilində yerləşən ölkənin təbii gözəllikləri və turizm potensialı bu sahəyə investisiya qoyuluşunu cəlbedici edir:

 

“Otellərin tikintisi, kurort komplekslərinin yaradılması, turizm infrastrukturunun inkişafı və istirahət mərkəzlərinin idarə olunması Azərbaycan investorları üçün maraqlı istiqamətlər ola bilər. Xüsusilə turizm mövsümünün genişləndirilməsi və ilboyu fəaliyyət göstərən obyektlərin yaradılması əlavə imkanlar açır”.

 

İqtisadçı bildirib ki, daşınmaz əmlak, tikinti, nəqliyyat-logistika, enerji və infrastruktur sahələri də Azərbaycan investorları üçün perspektivlidir. Onun sözlərinə görə, Monteneqronun enerji təminatının yaxşılaşdırılması, bərpaolunan enerji mənbələrinin inkişafı və nəqliyyat infrastrukturunun modernləşdirilməsi birgə layihələr üçün imkanlar yaradır.

 

Akif Nəsirli vurğulayıb ki, investisiya əməkdaşlığının davamlı olması üçün yalnız kapital qoyuluşu kifayət etmir. Layihələrin iqtisadi səmərəliliyi, hüquqi təminatlar, yerli bazarın xüsusiyyətləri və investisiyaların geriödəmə müddəti də nəzərə alınmalıdır.

 

Ekspert hesab edir ki, Azərbaycan investorlarının əsas hədəfi Monteneqroda uzunmüddətli gəlir gətirən və hər iki ölkənin iqtisadiyyatına əlavə dəyər qazandıran layihələr həyata keçirmək olmalıdır. Turizm, daşınmaz əmlak, enerji və infrastruktur sahələrində əməkdaşlığın genişlənməsi Azərbaycan-Monteneqro iqtisadi münasibətlərinin inkişafına yeni imkanlar aça bilər.

 

           

Aytən Əhmədova

#perspektivləri #baki #–investisiya #azərbaycan #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər