00:00:00
Yazar
Güllər Gülhüseynova
02.07.2026 13:31 35 2 dəq oxuma
Sosial

Azərbaycanda ikinci əl bazarına maraq artır

Azərbaycanda ikinci əl bazarına maraq artır

Azərbaycanda son illər ikinci əl məhsullar bazarı sürətlə genişlənir. Geyimdən elektronika və məişət əşyalarına qədər müxtəlif məhsulların ikinci əl satışına maraq artıb. Alıcılar daha sərfəli qiymətlər tapdıqları, satıcılar isə istifadə etmədikləri əşyalardan gəlir əldə etmək imkanı qazandıqları üçün bu bazar gündən-günə daha da aktivləşir. Bəs ikinci əl bazarına marağın artmasına təsir edən əsas səbəblər hansılardır?

 

Məsələ ilə bağlı sosioloq Mətanət Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, ikinci əl bazarına marağın artmasının bir neçə amillə bağlıdır:

 

“Son illərdə Azərbaycanda bu bazara tələbatın artması, ilk növbədə, insanların maddi vəziyyəti ilə izah olunur. Büdcəsi məhdud olan şəxslər yeni məhsulları mağazalardan almaqda çətinlik çəkdikləri üçün ikinci əl məhsullara üstünlük verirlər. Təklif olunan əşyaların əksəriyyəti kifayət qədər yaxşı vəziyyətdə olur. Əşyadan düzgün istifadə edildikdə onun keyfiyyəti və funksionallığı uzun müddət qorunub saxlanılır. İkinci səbəb isə insanların şəxsi seçimləri və maraqları ilə bağlıdır. Elə istehlakçılar var ki, brend və orijinal geyimlərə üstünlük verirlər, lakin onların yenisini almağa imkanları çatmır. Bu halda ikinci əl geyimlər əlverişli çıxış yoludur. Çox vaxt bu məhsullar imkanlı şəxslərin cəmi bir-iki dəfə istifadə etdiyi və ya xarici ölkələrdən gətirilərək satışa çıxarılan keyfiyyətli geyimlər olur. Qiymətinin münasib olması və yeni məhsullardan seçilməməsi də alıcıların seçimində mühüm rol oynayır. Bununla belə, əsas səbəb iqtisadi amildir. Gəliri yüksək olan təbəqə adətən ehtiyaclarını elə mağazalardan, yeni məhsullarla qarşılamağa üstünlük verir. Bu bazarın genişlənməsi satıcıların da gəlirlərini artırır. Prosesin yeni məhsul satan mağazalara ciddi rəqib olacağını isə düşünmürəm”.

 

Sosioloq həmçinin bunu da qeyd edib ki, hər iki sahənin öz auditoriyası var:

 

“Ölkəmizdə yeni məhsul alanların sayı hələ də çoxluq təşkil edir. Burada insanların psixoloji yanaşması da rol oynayır. Bəziləri başqasının işlətdiyi geyim və ya şəxsi əşyanı qəbul etmir. Digər tərəfdən, buna normal baxanlar da az deyil. Əgər məhsul təmiz, keyfiyyətli və yararlıdırsa, onu almaqda heç bir problem yoxdur. Xüsusilə telefon, mebel və digər məişət avadanlıqları arasında elə tapıntılar olur ki, ilk sahibi onu qısa müddət istifadə edib yenisi ilə əvəzləyib. Lazımi qaydada təmizləndikdən sonra bu əşyalardan rahatlıqla istifadə etmək olar.

 

Nəticə etibarilə, ikinci əl bazarından yararlanmaq, xüsusilə aztəminatlı ailələr üçün faydalı seçimdir. Bu, ailə büdcəsinə qənaət etməyə və artıq xərclərin qarşısını almağa imkan yaradır. Hər iki bazar cəmiyyətdə öz yerini qoruyur və müxtəlif alıcı qruplarının tələbatını uğurla qarşılayır”.

 

Güllər Gülhüseynova

#İkinci əl #bazar #elektronika #Azərbaycan #əşya #istehsal #istehlak #sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər