00:00:00
Yazar
Ayan Sadi
26.11.2026 23:09 179 2 dəq oxuma
Siyasət

Azərbaycanın Orta Dəhlizdə artan rolu: Litva ilə əməkdaşlıq perspektivləri

Azərbaycanın Orta Dəhlizdə artan rolu: Litva ilə əməkdaşlıq perspektivləri

 

 

Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın Cənubi Qafqazda Litva üçün açar ölkə olduğunu bildirib. O, Rusiyadan keçən tranzit marşrutlarından yayınmaq və Orta Dəhlizdən istifadə etmək istədiklərini, bunun üçün isə investisiyaların vacibliyini vurğulayıb.

 

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, Litvanın Orta Dəhlizə maraq göstərməsi Azərbaycan üçün tranzit imkanlarının və nəqliyyat xidmətlərindən əldə olunan gəlirlərin artması baxımından əhəmiyyətlidir.

 

Ekspertin sözlərinə görə, Avropa ölkələrinin Rusiya ərazisindən keçən marşrutlara alternativ axtarması Azərbaycanın coğrafi mövqeyinin iqtisadi dəyərini artırır. Litva kimi Baltikyanı ölkələrin bu marşrutdan istifadə etməsi Azərbaycan üzərindən daşınan yüklərin həcmini, liman, dəmir yolu və logistika xidmətlərinə tələbatı artıra bilər. Bu da ölkəyə əlavə tranzit gəlirləri gətirməklə yanaşı, nəqliyyat sektoruna yeni investisiyaların cəlb edilməsinə imkan yaradar.

 

Akif Nəsirli qeyd edib ki, Litvanın Orta Dəhlizə marağı Azərbaycanın Avropa logistika şəbəkəsinə daha sıx inteqrasiyasına da şərait yarada bilər:

 

“Orta Dəhlizin yalnız Çin və Mərkəzi Asiya yükləri üçün deyil, Avropanın özünün də istifadə etdiyi beynəlxalq ticarət marşrutuna çevrilməsi mühüm məqamdır. Beləliklə, Azərbaycan sadəcə yüklərin bir ərazidən digərinə ötürüldüyü tranzit məkanı deyil, beynəlxalq yükdaşımaların təşkili və idarə olunmasında iştirak edən regional logistika mərkəzi kimi mövqeyini gücləndirə bilər”.

 

Ekspertin fikrincə, Avropa ölkələrinin Orta Dəhlizə marağının artması Azərbaycanın beynəlxalq nəqliyyat sistemində rolunu dəyişə bilər. Bu proses dəhlizin yük bazasını genişləndirər və iqtisadi dayanıqlığını artırar. Eyni zamanda limanların, dəmir yollarının, gömrük-keçid məntəqələrinin və rəqəmsal logistika sistemlərinin modernləşdirilməsinə ehtiyac yaranar.

 

Akif Nəsirli bildirib ki, əsas məsələ yalnız tranzit yükünün artması deyil, həmin yüklərin ölkə iqtisadiyyatına maksimum fayda gətirməsidir. Bunun üçün logistika mərkəzlərinin, anbar təsərrüfatının, yük emalı və əlavə xidmət sahələrinin inkişafı vacibdir. Onun sözlərinə görə, Litva və digər Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlıq müqavilələrinin bağlanması, rəqabətqabiliyyətli tarif siyasətinin tətbiqi və daşımaların sürətinin artırılması da əhəmiyyət daşıyır.

 

Ekspert hesab edir ki, Avropanın Orta Dəhlizə marağının genişlənməsi Azərbaycan üçün tranzit gəlirlərindən daha böyük iqtisadi imkanlar yarada bilər. Ölkəmiz bu prosesdən düzgün istifadə edərsə, Şərqlə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də ticarət, logistika və xidmətlərin təşkil olunduğu mühüm iqtisadi mərkəzə çevrilə bilər.

 

           

Aytən Əhmədova

#perspektivləri #artan #gündəm #orta
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər