Peskov: Kreml Aİ-nin Rusiya ilə ikitərəfli məsləhətləşmələrdən imtina etməsindən xəbərdardır
Kreml Avropa İttifaqının Rusiya ilə ikitərəfli məsləhətləşmələrdən imtina etdiyini açıqlayıb. Moskva Avropa nümayəndə heyətinin mümkün səfəri ilə bağlı hələlik konkret məlumatın olmadığını bildirir. Rusiya prezidenti Vladimir Putinin Avropa ölkələrini Moskvaya dəvət etməsi fonunda tərəflər arasında diplomatik təmasların perspektivi yenidən gündəmə gəlib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov bildirib ki, Putinin Moskva dəvəti və Avropanın dialoqdan imtinası yeni diplomatik gərginlik yaradıb.
“Putinin Avropa İttifaqı nümayəndələrini Moskvaya dəvət etməsi və Kremlin Avropanın Rusiya ilə ikitərəfli məsləhətləşmələrdən imtina etdiyini bildirməsi hazırkı geosiyasi qarşıdurmanın yeni diplomatik mərhələyə keçdiyini göstərir. Bu təşəbbüsə təkcə Ukrayna müharibəsinin həlli kontekstində deyil, Rusiya-ABŞ münasibətlərinin mümkün normallaşması və Avropanın gələcək təhlükəsizlik arxitekturası uğrunda mübarizə prizmasından yanaşmaq lazımdır”.
Ekspert qeyd edir ki, Putinin Avropa nümayəndələrini Moskvaya çağırmaqda məqsədi Rusiyanın beynəlxalq diplomatik proseslərdə əsas aktorlardan biri olaraq qalmasını nümayiş etdirməkdir. Kreml anlayır ki, Ukrayna müharibəsinin yekun nəticələri Avropanın təhlükəsizlik sisteminə birbaşa təsir göstərəcək. Buna görə də Moskva gələcək təhlükəsizlik arxitekturasının müzakirəsində Avropa ölkələrinin mövqeyini öyrənməklə yanaşı, özünün irəli sürdüyü təhlükəsizlik tələblərini də gündəmə gətirməyə çalışır.
Rəşad Bayramovun sözlərinə görə, bu dəvətlərin müəyyən siyasi kommunikasiya məqsədi də var. Moskva özünü dialoqa hazır tərəf kimi təqdim edir, Avropanın ikitərəfli görüşlərdən yayınmasını isə qarşı tərəfin diplomatik təmaslara maraqsızlığı kimi göstərir. Halbuki Avropa Komissiyasının mövqeyi dialoqun tamamilə rədd edilməsi deyil, onun çoxtərəfli formatda və Ukrayna məsələsi ilə əlaqəli şəkildə aparılmasıdır. Brüssel həmçinin geniş təhlükəsizlik müzakirələrinin atəşkəsdən sonra başlanmasını üstün tutur.
Siyasi şərhçi hesab edir ki, Vaşinqtonun Moskva ilə münasibətləri normallaşdırmaq istiqamətində mümkün addımları isə Avropanın təhlükəsizlik strategiyasına ciddi təsir göstərə bilər. ABŞ-Rusiya dialoqunun genişlənməsi Avropa paytaxtlarında Vaşinqtonun təhlükəsizlik prioritetlərinin dəyişə biləcəyi ilə bağlı narahatlıqları artırır. Belə şəraitdə Avropa dövlətləri müdafiə sahəsində ABŞ-dən asılılığı azaltmaq, hərbi sənaye potensialını genişləndirmək, NATO daxilində daha böyük məsuliyyət götürmək və müstəqil müdafiə imkanlarını gücləndirmək məcburiyyətində qala bilərlər. Bu prosesin digər mühüm tərəfi ondan ibarətdir ki, Avropa artıq öz təhlükəsizliyini yalnız ABŞ-nin siyasi iradəsinə bağlamağın risklərini daha ciddi nəzərə almalıdır. Avropa İttifaqının müdafiə potensialının artırılması və Rusiya ilə uzunmüddətli münasibətlərə dair vahid strategiyanın hazırlanması istiqamətində müzakirələr də məhz bu reallıqla əlaqədardır.
Rəşad Bayramov qeyd edir ki, Avropanın Moskva ilə birbaşa dialoqdan yayınması Ukrayna müharibəsinin diplomatik həllini müəyyən mənada çətinləşdirə bilər. Çünki Avropa ölkələri Ukraynaya hərbi və maliyyə dəstəyi göstərən, eyni zamanda müharibədən sonrakı təhlükəsizlik təminatlarının formalaşmasında mühüm rol oynaya biləcək tərəflərdir. Onların danışıqlar prosesindən kənarda qalması əldə ediləcək razılaşmaların həyata keçirilməsində problemlər yarada bilər. Bununla belə, Avropanın çoxtərəfli danışıqlara üstünlük verməsi də başadüşüləndir. Belə ki, Ukraynanın taleyinə və Avropanın təhlükəsizliyinə təsir edən məsələlərin yalnız Vaşinqton və Moskva arasında razılaşdırılması Avropa dövlətləri üçün qəbuledilməzdir.
Ekspert hesab edir ki, ABŞ və Rusiya arasında Avropanın iştirakı olmadan mümkün razılaşmaların əldə edilməsi Avropanın beynəlxalq siyasi çəkisini zəiflədə bilər. Xüsusilə təhlükəsizlik, sanksiyalar, NATO-nun gələcək fəaliyyəti və Ukraynaya veriləcək təminatlarla bağlı qərarların Avropanın iştirakı olmadan müzakirə edilməsi transatlantik münasibətlərdə fikir ayrılıqlarını dərinləşdirə bilər. Belə bir vəziyyət Rusiyaya Qərb daxilində mövcud fərqlərdən diplomatik üstünlük əldə etmək imkanı da verə bilər.
Arzum Ağazadə