"Azərbaycan koronovirusla mübarizədə öz modelini ortaya qoyub"
Koronovirus COVİD-19 pandemiyası yayılmağa başladıqdan sonra Azərbaycan dövləti tərəfindən təcili və təxirəsalınmaz tədbirlər həyata keçirildi.
İnformator.az xəbər verir ki, bunu "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova deyib. Onun sözlərinə görə, sərhədlərin bağlanması ilə bağlı qəbul edilən qərarları insanların sağlamlığı və təhlükəsizliyinin qorunması ilə bağlı qəbul edilən digər tədbirlər izlədi. Yaşayış və iş yerlərinin dezinfeksiya edilməsi, pandemiyanın yayılmasının qarşısını almaq üçün verilən tövsiyələr, xüsusi risk qrupuna daxil olan əhalinin sağlamlığını qorumaq üçün qəbul edilən məhdudlaşdırıcı tədbirlər virusun geniş yayılmasının qarşısını almaq məqsədi daşıyırdı. Həyata keçirilən tədbirlər nəticəsində də məqsədə çatmaq mümkün oldu. Azərbaycan pandemiyanın geniş yayıldığı dövrdə ən az itki olan ölkə oldu.
Pandemiyanın ölkəmizə ayaq açdığı gündən dövlət üçün prioritet məsələ vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması ilə bağlı idi. Qəbul edilən məhdudiyyət, tələb və tövsiyələr bu qəbildəndir.
Prezident İlham Əliyevin tapşırığı ilə, modul tipli xəstəxanaların, gigyenik vasitələr istehsal edən müəssisələrin tikintisinə başlanıldı. Dövlət başçısının rəhbərliyi altında Azərbaycan koronavirusla mübarizə sahəsində öz modelini ortaya qoyub və bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib. Nəinki daxili tələbat, hətta pandemiyanın vurduğu ağır zərərlərdən əziyyət çəkən 20-ə yaxın ölkəyə yardım göndərilib. Üç beynəlxalq təşkilata maliyyə yardımı edilib. Azərbaycanın iqtisadi potensialı həm daxili təlabatı ödəməyə, həm də dost və qonşu ölkələrə yardım etməyə imkan verir.
2020-ci il iyunun 9-na olan dövrə Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə ölkəmiz qabaqcıl yerlərdədir. Bu göstərici istər əhali sayına görə ölkəmizlə eyni olan dövlətlərə, istərsə də əhalisi çox olan ölkələrə nisbətdə müsbət göstəricidir. Yoluxmanın qeyri-mümkün olduğu pandemiyadan az itkilərlə çıxmaq zamanında və yerində qəbul edilmiş qərarların nəticəsidir.
