Azərbaycan məktəblərində rus bölmələri rus dilinin öyrənildiyi yeganə yer deyil
Bu il birinci sinif üzrə məktəblərin rus dili bölməsinə qəbul olunan uşaqların sayı 25% azalıb. Əgər ötən tədris ilində 14989 nəfər 1-ci sinif şagirdi məktəb həyatına rus sektoru üzrə başlamışdısa, bu il bu rəqəm 11943 nəfərdir.
Təhsil eksperti Qoşqar Məhərrəmov məktəblərin rus dili bölməsinə qəbul olunanların sayının azalmasının səbəbləri barədə fikirlərini İnformator.azsaytı ilə bölüşüb.
-Bu il birinci sinif üzrə məktəblərin rus dili bölməsinə qəbul olunan uşaqların sayı 25% azalıb. Sizcə, bunun səbəbləri nədir?
Səbəblərdən biri insanların yavaş-yavaş maariflənməyidir. Azərbaycan məktəblərində rus bölmələri rus dilinin yeganə öyrənildiyi yerlərdən deyil. Rus bölmələri rus kurrikulumu ilə tədris edilmir. Oradakı müəllimlər başqa ölkədən gəlmir. Artıq bir çox insan bilir ki, rus bölmələri Azərbaycan kurrikulumu, Azərbaycan dərslikləri, Azərbaycan müəllimləri ilə tədris edilir, Azərbaycan bölməlilərindən üstün bir xüsusiyyətə malik deyil. Elm və Təhsil Nazirliyinin maarifləndirilməsi ilə insanlar başa düşür ki, rus dilini fərqli yerlərdə də öyrənmək mümkündür. Rus dilinin öyrənildiyi yer məktəblərdə rus bölməsi deyil, kurslar ola bilər. Bu dili şagirdlər Azərbaycan bölməsində təhsil alarkən də öyrənə bilərlər. Bundan əlavə, nazirlik məktəblərə əsasnamələr göndərir, yerli təhsil idarələri rus bölmələrinə qəbulla bağlı imtahanlar keçirir. Əlbəttə, bunlar rus bölmələrinə qəbulun sayının azalmasına böyük təsir edib. Əgər şagird rus dilində səlis danışmırsa, onu rus bölməsinə götürmürlər. Fundamental olaraq baxsaq, rus bölmələrinin açılmasının səbəbi rus dilli xalqlardır. Ona görə də rus dilli olmayan, Azərbaycan xalqının nümayəndəsinə rus bölməsində ibtidai sinif təhsili vermək absurddur".
Sayad Qoşnalıyeva
