00:00:00
Yazar
Admin User
02.09.2025 19:12 100 3 dəq oxuma
Siyasət

Azərbaycan və Braziliya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub

Azərbaycan və Braziliya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub

Braziliyada Azərbaycan və bu ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin beşinci raundu keçirilib. Məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin Braziliaya səfəri çərçivəsində keçirilib.Tədbir çərçivəsində ikitərəfli, regional və qlobal gündəliyə aid aktual məsələləri müzakirə edilib. Nazirliklərin nümayəndələri məmnunluqla qeyd ediblər ki, Azərbaycan və Braziliya arasında artıq otuz ildən çoxdur ki, diplomatik münasibətlər mövcuddur.


Bu məsələ ilə bağlı politoloq Həşim Səhrablı "İnformator.az"a açıqlamasında bildirib ki,
Beşinci raund isə göstərir ki, Azərbaycan və Braziliya artıq ortaq maraqlar və mövzular ətrafında kifayət qədər dialoq imkanları formalaşdırıblar:


"Azərbaycan və Braziliya arasında münasibətlərin hazırkı müzakirələrini əvvəlkilərlə müqayisə etmək indi çətindir. Çünki görüşün detalları barədə hələlik ətraflı məlumat açıqlanmayıb. Yəni nələrin müzakirə edildiyi, hansı kontekstlərdə əlaqələrin qurulması barədə geniş məlumat yoxdur. Bununla belə, təxmin etmək olar ki, beşinci raund danışıqları əvvəlkilərdən həm müzakirə olunan mövzuların sayı, həm də fikir mübadiləsinin çeşidliliyi baxımından fərqlənib.


Belə qiymətləndirməyin səbəbi aydındır: hər bir yeni danışıqlar raundu əvvəlkindən doğur və onun üzərində qurulur. Birinci danışıqlar əsas konturların müəyyənləşməsinə xidmət edirdisə, sonrakı raundlarda mövzular genişlənir, tərəflər yeni məsələlərə toxunmağa başlayır. Beşinci raund isə göstərir ki, Azərbaycan və Braziliya artıq ortaq maraqlar və mövzular ətrafında kifayət qədər dialoq imkanları formalaşdırıblar. Bu proses gələcəkdə iki ölkə münasibətlərinin inkişafında daha konkret və effektiv nəticələrin əldə olunmasına zəmin yaradır.


Coğrafi baxımdan Azərbaycanla Braziliya bir-birindən uzaqda yerləşir. Bu səbəbdən tranzit və ya ikitərəfli iqtisadi maraqlar məsələləri hələlik ön planda deyil. Çünki hər iki ölkə daha çox yaxın qonşuları ilə iqtisadi inteqrasiyaya üstünlük verir. Buna görə də Azərbaycan–Braziliya münasibətlərinə daha çox beynəlxalq münasibətlər prizmasından yanaşmaq olar.


Hazırkı qlobal reallıqda həm Azərbaycan, həm də Braziliya beynəlxalq sistemdə əhəmiyyətini artıran aktorlara çevrilir. Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsindən sonra regiondakı mövqeyi möhkəmlənib, tranzit və enerji layihələrində mühüm tərəfdaş kimi önə çıxıb. Xüsusilə də Avropanın enerji təhlükəsizliyində alternativ mənbə rolunu oynayır. Braziliya isə dünya siyasətində öz rolunu gücləndirməkdə maraqlıdır və Latın Amerikası ölkələri arasında nüfuzunu artırmağa çalışır.


Hər iki ölkə yaxşı anlayır ki, beynəlxalq mövqelərinin möhkəmlənməsi üçün tərəfdaşlıqların sayını artırmaq vacibdir. ABŞ-nin dominant təsirindən uzun müddət əziyyət çəkən Braziliya öz qitəsində daha müstəqil rol oynamaq istəyir. Azərbaycan da keçmişdə imperial maraqlardan zərər görüb, amma bu gün müstəqil siyasəti ilə beynəlxalq arenada özünü tanıtmaq imkanları qazanıb.


Belə bir şəraitdə Azərbaycan və Braziliya müxtəlif regionlarda özlərini daha fəal təqdim edə, qarşılıqlı diplomatik, siyasi və iqtisadi əlaqələri dərinləşdirə bilərlər. Yeni dünya nizamının formalaşdığı bir dövrdə bu əməkdaşlıq hər iki ölkənin beynəlxalq nüfuzunu gücləndirəcək və effektiv nəticələr verəcək".


Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər