00:00:00
Yazar
Admin User
02.09.2025 14:42 156 3 dəq oxuma
Siyasət

Azərbaycan-Vyetnam münasibətləri yeni inkişaf mərhələsində

Azərbaycan-Vyetnam münasibətləri yeni inkişaf mərhələsində

Vyetnam Uzaq Şərqin inkişaf etməkdə olan ən önəmli ölkələrindən biri kimi tanınır. Tarixi boyunca Yapon, Fransa və ABŞ işğallarına qarşı mübarizə apararaq müstəqilliyini qoruyan bu ölkə, bu gün həm iqtisadi, həm də siyasi baxımdan regionun güclü dövlətlərindən sayılır. Azərbaycanla da əlaqələri son illər müsbət istiqamətdə inkişaf edir.

 

Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli "İnformator.az"a açıqlamasında bildirib ki, Vyetnam ümumiyyətlə artıq Uzaq Şərqin inkişaf etməkdə olan ölkələrindən sayılır:

 

"XX əsrdə Vyetnam böyük sınaqlardan keçib: İkinci Dünya Müharibəsində Yapon işğalı, Fransa müstəmləkəçiliyinə qarşı azadlıq uğrunda mübarizə, daha sonra ABŞ-nin işğalı. Bütün bu sınaqlardan Vyetnam qalib çıxaraq öz müstəqilliyini və ərazi bütövlüyünü qoruyub, xalq daim mübarizliyini sübut edib. Bundan əlavə, Çinlə də qısa müddətli müharibəsi olub. Beləliklə, Vyetnam XX əsrdə dünyanın dörd böyük gücü ilə qarşılaşıb və bütün bu sınaqlardan çıxmağı bacarıb. Hazırda o, inkişaf edən ölkələrdən biridir. Formal olaraq kommunist ideologiyası olsa da, iqtisadiyyatda kapitalist modelindən istifadə edir. Çin kimi Vyetnam da siyasi sistemdə kommunizm, iqtisadiyyatda isə kapitalizmi tətbiq edir. Buna görə də Vyetnam Hind-Çin (İndokitay) regionunun ən önəmli ölkələrindən biri, bəlkə də birincisidir. Qeyd edim ki, Vyetnam Kamboca ilə də müharibə aparıb və Qırmızı Kxmerlərin rejiminə son qoyan əsas ölkələrdən biri olub. XX əsrdə daim müharibələrə cəlb olunmasına baxmayaraq, ABŞ-nin dəstəklədiyi Cənubi Vyetnam rejimini məğlub edərək ölkəni birləşdirə bilib. Bu baxımdan Vyetnam Koreya nümunəsindən fərqlənir: Şimali Koreya kommunistləri Koreyanı birləşdirə bilmədiyi halda, Şimali Vyetnam bunu bacarıb".

 

Ekspert həmçinin bunu da bildirib ki, hələ də ABŞ müharibəsinin nəticələri hiss olunur:

 

"Ölkədə elə ərazilər var ki, insanlar həmin yerlərdə kimyəvi və bioloji silahların təsiri ilə şikəst doğulurlar. Buna baxmayaraq, Vyetnam bu taleyə rəğmən ayaqda qala bilib və inkişafını davam etdirir. Hind-Çin regionunda dörd ölkə var: Vyetnam, Kamboca, Laos və Tayland. Onların arasında iqtisadi baxımdan Tayland üstünlüyə malik olsa da, hərbi və siyasi gücə görə Vyetnam daha önəmlidir. Bu baxımdan Azərbaycan üçün də əməkdaşlıq etmək faydalıdır. Burada mənfi bir məqam yoxdur. Azərbaycan uzaq Şərqdə əsasən Çin və Vyetnam kimi kommunist rejimli, lakin iqtisadiyyatda açıq bazar prinsipləri ilə işləyən ölkələrlə münasibətlərini genişləndirir. Bizim üçün əsas meyar həmin ölkələrin rejimi deyil, maraqlarımıza cavab verib-verməməsidir. Nə qədər çox müttəfiqimiz, nə qədər çox ticari tərəfdaşımız olsa, bir o qədər güclü olarıq. Vyetnamla hərbi-texniki əməkdaşlıq da mümkündür – onlardan silah alaraq ordumuzun müdafiə sistemini gücləndirə bilərik. Bütün bu aspektlərdən Azərbaycan–Vyetnam əlaqələri normal və perspektivli hesab edilir. Təbii ki, hər münasibətin həm müsbət, həm də mənfi tərəfləri var. Biz çalışmalıyıq ki, müsbət imkanlardan maksimum yararlanaq".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər