00:00:00
Yazar
Asiman Vəliyeva
22.04.2026 19:35 21 3 dəq oxuma
Sosial

Bəqai: İslamabadda danışıqlarla bağlı hələ qərar verilməyib

Bəqai: İslamabadda danışıqlarla bağlı hələ qərar verilməyib

 İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İslamabada getmək ölkənin maraqlarına xidmət etməlidir və bu barədə hələ yekun qərar qəbul olunmayıb.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, əgər tərəflər bu məsələdə ortaq mövqeyə gələ bilsələr, danışıqların növbəti mərhələsinə keçid mümkün görünür:


"ABŞ ilə İran arasında davam edən gərginlik fonunda tərəflərin mövqelərini uzlaşdırmaqda çətinlik çəkdiyi açıq şəkildə görünür. Mövcud vəziyyət göstərir ki, tərəflər əsas məsələlər üzrə ortaq məxrəcə gəlməkdən hələ uzaqdır. ABŞ-nin əsas tələbi İranın nüvə proqramının tam dayandırılmasıdır. Rəsmi Vaşinqton kompromis variant kimi proqramın ən azı 20 il müddətinə dondurulmasını təklif edir. Eyni zamanda, ABŞ tərəfi zənginləşdirilmiş uranın ölkəyə təhvil verilməsini də gündəmə gətirir. Bu yanaşma isə Tehranın ciddi etirazı ilə qarşılanır. ABŞ-nin keçmiş prezidenti Donald Tramp bu məsələ ilə bağlı ziddiyyətli açıqlamalar verməkdə davam edir. Həm sərt mövqe nümayiş etdirir, həm də siyasi imicini qorumağa çalışır. İran isə Trampın səsləndirdiyi fikirləri qəbul etmir və onları reallıqdan uzaq hesab edir".


Müsahib qeyd edib ki, İran tərəfi bildirir ki, mövqelər arasında fərq kifayət qədər dərindir və bu səbəbdən danışıqlara başlamaq üçün əlverişli şərait formalaşmayıb:


" Eyni zamanda, Hörmüz boğazı ətrafında artan gərginlik vəziyyəti daha da mürəkkəbləşdirir. ABŞ-nin bölgədə tətbiq etdiyi blokada danışıqlara mənfi təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir. İranın prioritetləri isə fərqlidir. Tehran nüvə proqramını davam etdirmək niyyətində olduğunu bildirir və bunu yalnız dinc məqsədlərlə həyata keçirdiyini vurğulayır. İran tərəfi proqramın beynəlxalq nəzarət altında aparılmasına da hazır olduğunu qeyd edir. Bununla yanaşı, ABŞ-dən gələcək hücumların olmayacağına dair təminat və vurulmuş zərərin qarşılanması tələb olunur. Hörmüz boğazı üzərində hüquqlarının tanınması da Tehranın əsas şərtlərindəndir. Lakin bu tələbləri ABŞ qəbul etmir və nəticədə tərəflər arasında razılaşma əldə olunmur. Atəşkəs məsələsində də fikir ayrılığı qalmaqdadır. Tramp atəşkəs rejiminin uzadıldığını bildirsə də, İran parlamentinin nümayəndələri bunu ABŞ-nin vaxt qazanmaq cəhdi kimi qiymətləndirir və yeni hücum ehtimalının olduğunu iddia edirlər".

 

Politoloq vurğulayıb ki, son dövrlərdə baş verən hadisələr də qarşılıqlı etimadı zəiflədir. Belə ki, həm 2025-ci ilin yayında, həm də 2026-cı ilin fevralında danışıqlar fonunda ABŞ-nin İrana zərbələr endirməsi tərəflər arasında inamsızlığı daha da artırıb:


"Mövcud şəraitdə tərəflər arasında etimad mühitinin formalaşdırılması əsas problem olaraq qalır. Bu istiqamətdə Türkiyə və Pakistan vasitəçilik səylərini davam etdirir. ABŞ və İran rəsmilərinin müəyyən hallarda bir araya gəlməsi dialoq imkanlarının tam itirilmədiyini göstərir. Bununla belə, mövqelərin yaxınlaşdırılması hələ də çətin olaraq qalır. İran gələcək hücumların qarşısının alınması üçün konkret təminatlar tələb edir, ABŞ isə bu məsələdə açıq mövqe ortaya qoymur.  Vəziyyət yaxın perspektivdə də gərgin və qeyri-müəyyən olaraq qalacaq. Bununla yanaşı, növbəti danışıqların keçirilməsi ehtimalı istisna edilmir. Əsas müzakirə mövzusu isə nüvə proqramı ilə bağlı kompromisin tapılması olacaq. Bu kompromis böyük ehtimalla, İranın uranın zənginləşdirilməsini hansı müddətə dayandıracağı ilə bağlı razılaşmadan asılı olacaq. Əgər tərəflər bu məsələdə ortaq mövqeyə gələ bilsələr, danışıqların növbəti mərhələsinə keçid mümkün görünür".


Səmayə Səftərova

#bəqai: #verilməyib #qərar #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər