Bağçalarda yeni dövr: tərbiyəçi-müəllimlərin sertifkatifkasiyası nəyi dəyişəcək?
Bağçalarda yeni bir mərhələ başlayır. Bu yeniliklərin əsas istiqamətlərindən biri isə müəllimlər üçün sertifikatlaşdırma sisteminin tətbiqidir, artıq bağça müəllimləri də müəyyən bilik və bacarıqlarını təsdiqləmək üçün sertifikasiya imtahanlarından keçəcəklər. Bu dəyişiklik təhsil keyfiyyətinin artırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və ümumilikdə məktəbəqədər təhsildə vahid standartların formalaşdırılması məqsədi daşıyır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, bağçalarda sertifikatlaşdırma prosesinin başlanması, əslində, məktəbəqədər təhsilin illərdir gözlənilən "reabilitasiya" dövrünə qədəm qoyması deməkdir:
“Biz həmişə deyirik ki, təhsilin bünövrəsi məhz bağçalarda qoyulur, sadəcə olaraq bu bünövrəni qoyan mütəxəssislərin peşəkarlıq meyarlarını ölçəcək vahid bir mexanizmimiz yox idi. Bu yenilik ilk növbədə bağça müəlliminin statusunu cəmiyyət gözündə yüksəldəcək. Müəllim biləndə ki, onun bilik və bacarığı dövlət rəsmən qiymətləndirilir, bu, həm daxili məsuliyyəti artırır, həm də peşəkar özünütəsdiq üçün sağlam bir rəqabət mühiti yaradır.
İmtahanların məzmunu barədə danışarkən, burada əsas ağırlığın təkcə nəzəri biliklərə deyil, həm də praktik metodikaya düşəcəyini gözləyirik. Məktəbəqədər təhsil olduqca həssas sahədir; burada müəllim həm pedaqoq, həm psixoloq, həm də uşağın ilk sosial bələdçisidir. Ona görə də meyarlar hazırlanarkən uşaq psixologiyası, yaş xüsusiyyətlərinə uyğun kommunikasiya və müasir oyun əsaslı öyrətmə metodları ön plana çəkilməlidir. Yəni müəllimin uşaqla dil tapmaq bacarığı onun akademik bilikləri qədər əhəmiyyətli bir meyar kimi götürüləcək”.
Əlavə olaraq bildirilib ki, əməkhaqqı və karyera məsələsinə gəldikdə isə, sertifikasiya sadəcə bir yoxlama deyil, həm də sosial rifahın yaxşılaşdırılması üçün bir çıraqdır:
“Məktəb müəllimlərində tətbiq olunan modelin bağçalara da transfer edilməsi nəzərdə tutulur ki, bu da yüksək nəticə göstərən tərbiyəçilərin maaşlarında ciddi artımların olması deməkdir. Bu, müəllim üçün ən böyük motivasiya faktorudur. Karyera yüksəlişi baxımından isə sertifikasiyadan uğurla keçən, öz üzərində işləyən kadrların gələcəkdə metodist və ya bağça müdiri kimi rəhbər vəzifələrə irəli çəkilməsində bu nəticələr əsas istinad nöqtəsi olacaq. Bir sözlə, bu sistem bağçalarda "təsadüfi adamlar" prinsipini aradan qaldırıb, meydanı peşəkarlara buraxacaq”.
Səadət Əlizadə