00:00:00
Yazar
Nərmin Həşimova
01.05.2026 20:04 28 2 dəq oxuma
Sosial

“İşəgötürən qanunvericilikdə nəzərdə tutulan hallarda narkoloji arayış tələb edə bilər”- AÇIQLAMA

“İşəgötürən qanunvericilikdə nəzərdə tutulan hallarda narkoloji arayış tələb edə bilər”- AÇIQLAMA

Bəzi sahələrdə işə qəbul zamanı namizədlərdən narkoloji arayış tələb olunması yenidən gündəmə gəlib. Xüsusilə, məsuliyyətli və ictimai təhlükəsizliklə bağlı peşələrdə bu sənədin vacibliyi müzakirə olunur. Mütəxəssislər bildirirlər ki, narkoloji müayinədən keçməyən şəxslərin işə qəbul edilməməsi həm sağlamlıq, həm də təhlükəsizlik baxımından əsaslandırıla bilər. Digər tərəfdən, bu tələbin bütün peşələrə şamil olunmasının hüquqi və etik tərəfləri də sual doğurur. Mövzu cəmiyyətdə müxtəlif yanaşmalar yaradıb.


Mövzu ilə bağlı hüquqşünas Fuad Xəzani oğlu Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Narkoloji xidmət və nəzarət haqqında” Qanuna dəyişikliklər müzakirə olunur:


“Təklif olunan dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi və narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulan peşə və vəzifələrə işə qəbul zamanı işçilər dövlət narkoloji tibb müəssisəsi vasitəsilə verilən tibbi müayinə haqqında rəy təqdim etməlidirlər. Bu rəy olmadan həmin vəzifələrə işə qəbul qadağan ediləcək. Əgər tibbi müayinə nəticəsində şəxsin narkoloji xəstə olduğu müəyyən edilərsə, onunla həmin vəzifələr üzrə əmək müqaviləsi bağlanıla bilməz. Bu hal əmək fəaliyyəti dövründə aşkarlanarsa, əmək müqaviləsinə xitam veriləcək. Bu sahələr üzrə işə qəbul zamanı ilkin, sonrakı dövrlərdə isə vaxtaşırı tibbi müayinələr aparılacaq. İşçinin davranışında psixikaya təsir edən maddələrin istifadəsinə dair əsaslı şübhə yarandıqda, o, dərhal tibbi müayinəyə cəlb olunacaq. Bu müayinələr işəgötürənin hesabına həyata keçiriləcək. Azərbaycanda narkoloji arayış əsasən ağır, zərərli və təhlükəli əmək şəraitli işlərdə, eləcə də yeyinti sənayesi, ictimai iaşə, səhiyyə və bəzi digər sahələrdə işə qəbul zamanı tələb olunur. Həmçinin yüksək təhlükə mənbəyi ilə bağlı fəaliyyətlər və hərbi xidmət zamanı da bu arayış məcburidir. İşəgötürən yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda narkoloji arayış tələb edə bilər. Bütün sahələr üzrə belə ümumi tələb yoxdur və qanuni əsas olmadan tələb edilməsi düzgün sayılmır. Qanunvericiliyə görə, müvafiq sahələrdə çalışan şəxslər tibbi müayinədən keçmədikdə işə buraxılmaya bilərlər. Bu tələb iş yerlərində təhlükəsizliyin və ictimai sağlamlığın qorunmasına xidmət edir. Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli qərarına əsasən, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti tətbiq olunan əsas sahələr bunlardır:

-narkotik və psixotrop maddələrlə bağlı istehsal və tibbi fəaliyyətlər;

-təhsil və uşaq müəssisələri;

-təhlükəsizlik, hüquq-mühafizə və hərbi sahələr;

-silah və xüsusi mühafizə xidmətləri;

-maliyyə və inkassasiya fəaliyyəti;

-yanğın, xilasedici və neft-qaz sahələri;

-yüksək gərginlikli elektrik qurğuları;

-dispetçer xidmətləri;

-partlayış və yanğın təhlükəli istehsalatlar

-bütün növ nəqliyyat vasitələrinin idarə olunması

 

Məhdudiyyət müddəti:

-narkomaniya və toksikomaniya hallarında - 5 il

-xroniki alkoqolizm hallarında - 3 il

 

Bu müddətlər başa çatdıqdan sonra, bəzi istisnalar olmaqla, şəxslərin digər peşələrdə çalışmasına icazə verilir”.

 

Cavahir Əsgərbəyli

#arayış #işəgötürən #işçi #açıqlama
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər