Bakı mühüm tədbirə ev sahibliyi edib: Çirkab sularının monitorinqi regional səhiyyəni necə qoruyacaq?
Azərbaycan, Bakı, 19 iyun 2026-cı il – İslam İnkişaf Bankı (İİB) Qrupunun "Dayanıqlı Rifah naminə Regional İnteqrasiya" mövzusu altında Bakıda keçirilən 2026-cı il İllik Toplantıları çərçivəsindəki bilik mübadiləsi tədbiri "Çirkab suları və Ətraf mühitin monitorinqinin diqqət mərkəzində olması ilə regional səhiyyə təhlükəsizliyinə investisiya qoyulması" adlanırdı.
Tədbirdə çirkab suları və ətraf mühitin monitorinqinin necə regional səhiyyə təhlükəsizliyini gücləndirə, erkən xəbərdarlıq sistemlərini təkmilləşdirə və yeni meydana çıxan ictimai səhiyyə təhdidlərinə qarşı görülən əlaqələndirilmiş tədbirləri dəstəkləyə biləcəyi araşdırılıb.
Tədbiri açarkən Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Zati-aliləri Ebubekir Gizligider hazırlıq səviyyəsinin və davamlılığın artırılması üçün monitorinq sistemlərinin gücləndirilməsinin və ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin o, Türkiyənin İİB və üzv ölkələrlə tərəfdaşlıq şərtləri altında təlim, texniki yardım və mentorluq vasitəsilə regional çirkab suları və ətraf mühitin monitorinqinin dəstəklənməsi platformasını təşviq etmək öhdəliyini bir daha təsdiqləyib.

İştirakçılar həmçinin Qeyts Fondunun Qlobal İnkişaf Bölməsinin prezidenti Dr. Kris Eliasın çirkab suları və ətraf mühitin monitorinqinin ictimai səhiyyə ilə bağlı əsaslı qərarların qəbulundakı rolunu vurğulayan mesajını dinləyiblər.
Türkiyə Su İnstitutunun müşaviri prof. Bilge Kocameminin moderatorluğu ilə keçirilən sessiyada dövlət qurumlarından, beynəlxalq təşkilatlardan və inkişaf tərəfdaşlarından tanınmış məruzəçilər iştirak ediblər. Onların arasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi üzrə regional direktoru Dr. Hanan Balxi; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm Şöbəsinin müdiri cənab Riad Axundzadə; CGIAR-ın İcraçı Baş Direktoru Dr. İsmahane Eluafi; eləcə də Qeyts Fondunun Qlobal Siyasət və Müdafiə sahəsində Yaxın Şərq və Şərqi Asiya üzrə direktor müavini cənab Ceyms Karti yer alıb. Müzakirələr çirkab suları və ətraf mühitin monitorinqinin milli monitorinq sistemlərinə inteqrasiyası, transsərhəd erkən xəbərdarlıq mexanizmlərinin gücləndirilməsi və monitorinq məlumatlarının səmərəli şəkildə ictimai səhiyyə tədbirlərinə çevrilməsinin təmin edilməsi məsələlərinə həsr olunub.

İştirakçılar həm də, laboratoriya potensialı, kadr hazırlığı, rəqəmsal məlumat platformaları, idarəetmə çərçivələri və məlumat mübadiləsi mexanizmləri də daxil olmaqla, əsas icra tələblərini nəzərdən keçiriblər.
Tədbir çirkab suları və ətraf mühitin monitorinqinin regional səhiyyə təhlükəsizliyinin əsas komponenti kimi inkişaf etdirilməsi üçün hökumətlər, inkişaf institutları, texniki tərəfdaşlar və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsinə çağırışla yekunlaşıb. İİB-nin Kənd Təsərrüfatı, Su Ehtiyatları və Kəndlərin İnkişafı üzrə meneceri cənab Nizar Zaid bankın üzv ölkələrə səhiyyə sistemlərini gücləndirmək, daha sıx əməkdaşlıq etmək və gələcək ictimai səhiyyə təhdidlərinə qarşı daha böyük davamlılıq formalaşdırmaqda kömək etmək öhdəliyini vurğulayıb.

İslam İnkişaf Bankı (İİB) Qrupu haqqında
Dünyanın aparıcı reytinq agentlikləri tərəfindən “AAA” reytinqinə layiq görülmüş İslam İnkişaf Bankı Qlobal Cənubun qabaqcıl çoxtərəfli inkişaf bankıdır (MDB). Bank, 50 ildən artıqdır ki, genişmiqyaslı təsir yaratmaqla xidmət etdiyi insanların və icmaların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir. Dörd qitəni əhatə edən 57 üzv dövləti özündə birləşdirən Bank dünya əhalisinin təxminən hər dörd nəfərindən birinin həyatına toxunur. O, insanların öz yaşıl iqtisadi inkişaflarını və dayanıqlı sosial tərəqqilərini idarə etmələri üçün imkanlar yaratmaq, ekoloji cəhətdən təmiz infrastruktur formalaşdırmaq və öz potensiallarını reallaşdırmalarına zəmin yaratmaqla inkişaf sahəsindəki çağırışların aradan qaldırılmasına və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasına dəstək vermək üçün əməkdaşlığı təşviq etməyə sadiqdir. Baş qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İİB-nin 10 regional mərkəzi və bir mükəmməllik mərkəzi fəaliyyət göstərir. İllər ərzində Bank tək bir təşkilat çərçivəsindən çıxaraq özündə aşağıdakı qurumları birləşdirən böyük bir Qrupa çevrilmişdir: İslam İnkişaf Bankı (İİB), İslam İnkişaf Bankı İnstitutu (IsDBI), İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC).