00:00:00
Yazar
Aysel Mirzəyeva
26.02.2026 21:35 45 2 dəq oxuma
Siyasət Özəl

Birinci Türkoloji Qurultaydan 100 il sonra dilçilik modeli

Birinci Türkoloji Qurultaydan 100 il sonra dilçilik modeli

Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar silsilə materiallar davam etdirilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Elşad Abışov bildirib ki, Birinci Türkoloji Qurultay türk birliyinin elmi təməlidir:

 

“Birinci Türkoloji Qurultay 1926-cı il fevralın 26-dan martın 6-dək Bakı şəhərində keçirilib. Qurultayın məhz Bakıda təşkil olunması Azərbaycanın görkəmli ziyalıları: Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə və Bəkir Çobanzadənin təşəbbüsü ilə bağlı idi. İdeya müəlliflərinin azərbaycanlı alimlər olması səbəbindən Sovet hakimiyyəti daxilində yaşayan digər türk xalqlarının nümayəndələri də qurultayın Bakıda keçirilməsi qərarına razılıq veriblər. Qurultayda yalnız Azərbaycan deyil, bütün türk xalqlarının mədəniyyəti, tarixi, etnoqrafiyası və ədəbiyyatı ilə bağlı mühüm məsələlər müzakirə olunub, gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. Təxminən beş il sonra Türkiyədə latın qrafikasına keçidlə bağlı qərar qəbul olunub. Azərbaycanda isə 1923-cü ildən ərəb əlifbasından imtina prosesi başlasa da, 1929-cu il yanvarın 1-dən etibarən Sovet İttifaqı tərkibindəki türk respublikalarında latın qrafikasına rəsmi keçid həyata keçirilib. Qurultay Sovet tabeçiliyində yaşayan türk xalqları üçün mənəvi birlik simvoluna çevrilib. Həmin tədbirdə iştirak edən 131 nümayəndədən təxminən 100-ü sonradan repressiyalara məruz qalıb. Buna baxmayaraq, qurultaydan sonra türkoloji elmin inkişafında yeni mərhələ başlayıb, universitetlərdə və elmi müəssisələrdə sistemli tədqiqatlara start verilib”.

 

Ekspert həmçinin qeyd edib ki, qurultay türk xalqları üçün elmi və mədəni birliyin təməlini qoyub:

 

“Birinci Türkoloji Qurultay sonrakı dövrlərdə türk xalqları üçün proqram xarakteri daşıyıb. Tarix, mədəniyyət, etnoqrafiya və dil sahəsində aparılan elmi araşdırmalar sistemli şəkildə genişlənib və mühüm nəticələr əldə olunub. Bu gün Azərbaycanda, xüsusilə Bakıda ali məktəblərdə və AMEA institutlarında qurultayın 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir. Bu tədbirlər 1926-cı ildən bəri türkoloji sahədə baş verən prosesləri təhlil etməyə, gələcək vəzifələri müəyyənləşdirməyə imkan yaradır. Gənc türkoloqlar qrupu tərəfindən keçirilən tədbirlər yeni elmi əsərlərin yaranmasına təkan verib, türk dilləri arasındakı oxşarlıq və fərqliliklərin daha dərindən araşdırılmasına şərait yaradıb. 2015-ci ildə İlham Əliyevin imzaladığı sərəncam və 2016-cı ildə qurultayın 90 illiyinin qeyd olunması ilə bağlı qərar bu istiqamətdə dövlət səviyyəsində dəstəyin göstəricisi olub. Bu illər ərzində Azərbaycan türkoloji mərkəz kimi formalaşıb. Qurultaylarda ortaq əlifba məsələsi müzakirə olunub və yaxın dövrdə türk xalqları üçün ortaq əlifba modeli qəbul edilib. Hazırda isə ikinci mərhələ olaraq ortaq ünsiyyət dili məsələsi gündəmdədir. Bütün bu proseslərin əsasında 1926-cı ildə Bakıda qəbul olunmuş qərarlar dayanır və həmin qərarlar bu gün də türkoloji elmin əsas istiqamətlərini müəyyənləşdirir”.


Arzu Poladova

#yeni #xəbər #sonra #birinci
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər