00:00:00
Yazar
Zəhra Həsənova
13.07.2026 22:24 75 5 dəq oxuma
Sosial

"Buraxılış imtahanlarının da iki dəfə keçirilməsi məqsədəuyğundur" - EKSPERTDƏN TƏKLİF

"Buraxılış imtahanlarının da iki dəfə keçirilməsi məqsədəuyğundur" - EKSPERTDƏN TƏKLİF

Dövlət İmtahan Mərkəzi iyulun 12-də ali təhsil müəssisələrinə qəbul üzrə ikinci cəhd imtahanı keçirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında abituriyent Murad Xudulu deyib ki, birinci imtahanla müqayisədə bu dəfə nəticəmin daha yaxşı olacağını düşünürəm:

 

“İlk imtahandan sonra səhvlərimi diqqətlə analiz etdim, zəif olduğum mövzular üzərində daha çox işlədim və müəllimlərimin tövsiyələrindən yararlandım. Bu dəfə imtahana həm bilik, həm də psixoloji cəhətdən daha hazırlıqlı gəldim. İlk imtahanda həyəcan səbəbindən bildiyim bəzi suallarda səhvlər etdim, amma ikinci cəhd mənə həmin səhvləri düzəltmək üçün yaxşı fürsət yaratdı”.

 

Məsələ ilə bağlı “İnformator.az”a açıqlamasında Azərbaycan dili və təhsil məsələləri üzrə təlimçi Mayıl Soltan bildirib ki, birinci şans imtahanında olduğu kimi, ikinci şans imtahanında da sualların çətinlik səviyyəsi demək olar ki, eyni idi:

 

"Abituriyentlərin bildirdiyinə görə, riyaziyyat fənni üzrə bəzi suallar nisbətən çətin olub. Digər fənlər, xüsusilə, kimya, digər fənlərlə müqayisədə daha asan hesab edilib. Düşünürəm ki, bu imtahanda da abituriyentlərin nəticələri əvvəlki imtahanla təxminən eyni səviyyədə olacaq. Nəticələrdə maksimum 10 bal aşağı və ya 10 bal yuxarı fərq müşahidə oluna bilər. Dövlət İmtahan Mərkəzinin bu il keçirdiyi blok imtahanları əvvəlki illərlə müqayisədə daha asan idi. 2023 və 2025-ci illərdə keçirilən blok imtahanlarını nəzərə alsaq, 2026-cı ilin blok imtahanlarının həm II və III, həm də I və IV ixtisas qrupları üzrə daha asan olduğunu demək olar. Məhz buna görə hesab edirəm ki, ümumi bal statistikası da ötən illə təxminən eyni səviyyədə olacaq. Bu baxımdan, ixtisas seçimi zamanı keçid ballarında ciddi dəyişiklik gözləmirəm. Mənim proqnozuma görə, III ixtisas qrupunda hüquq və dövlət-idarəetmə istiqamətləri, IV ixtisas qrupunda tibb ixtisasları, I ixtisas qrupunda isə informasiya təhlükəsizliyi ilə bağlı ixtisaslarda keçid balları təxminən 5–10 bal arta bilər. Digər ixtisaslarda isə balların əsasən sabit qalacağını düşünürəm”.

 

Təlimçinin sözlərinə görə, bu imtahanda da Dövlət İmtahan Mərkəzinin şəffaflıq və obyektivlik prinsiplərinə əməl etdiyini gördük:

 

“Hesab edirəm ki, Mərkəzin hazırladığı imtahanlar obyektiv və şəffaf şəkildə tərtib olunur. Bunu həm abituriyentlərin, həm repetitorların, həm də fənn müəllimlərinin fikirlərində görmək mümkündür. Bu da Dövlət İmtahan Mərkəzinin ən mühüm uğurlarından biri kimi qiymətləndirilə bilər. İmtahan modeli və sualların tərtibatında ciddi dəyişikliklərə ehtiyac olduğunu düşünmürəm. Çünki Dövlət İmtahan Mərkəzinin hazırladığı suallar abituriyentlərin yalnız fənn üzrə biliklərini deyil, eyni zamanda məntiqi təfəkkürünü və vaxtdan səmərəli istifadə bacarığını da qiymətləndirir. Bu baxımdan sualların belə formada tərtib olunmasını müsbət qiymətləndirirəm. Yüksək bal toplamaq istəyən abituriyentlərə əsas tövsiyəm odur ki, hazırlığa mümkün qədər erkən, 10-cu sinifdən etibarən ciddi başlasınlar. Hazırlıq prosesi planlı şəkildə qurulmalıdır. Planlı hazırlıq isə yalnız dərs oxumaq demək deyil. Abituriyentlər dərslə yanaşı, qidalanmalarına, yuxu rejimlərinə və gündəlik həyat tərzlərinə də diqqət yetirməlidirlər. Hətta hesab edirəm ki, günə yüngül idmanla başlamaq da faydalıdır. Bu, onların həm fiziki, həm də zehni cəhətdən daha gümrah olmasına, diqqət və məhsuldarlığının artmasına kömək edəcək. İnanıram ki, bu tövsiyələrə əməl edən, planlı və sistemli çalışan abituriyentlər imtahanda yüksək nəticə əldə edə biləcəklər”.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Afərim Seyidova bildirib ki, elə abituriyentlər var ki, abituriyent nə qədər hazırlıq keçsə, bilik və bacarıqlarını möhkəmləndirsə, məktəb proqramını və tədris standartlarını mükəmməl mənimsəsə belə, imtahanın psixoloji tərəfini də nəzərə almaq lazımdır:

 

Mən özüm də müəllim olaraq müxtəlif imtahanlarda iştirak edirəm və bilirəm ki, bəzən həyəcan səbəbindən bildiyimiz sualı unuda, yaxud düzgün cavabı səhv qeyd edə bilirik. Buna görə də, ikinci cəhd imtahanının keçirilməsini həm müəllimlər, həm də abituriyentlər müsbət qarşılayır və yüksək qiymətləndirir. İkinci cəhd imtahanında iştirak tamamilə abituriyentin seçimidir. Lakin müşahidələr göstərir ki, birinci imtahanda iştirak edənlərin böyük əksəriyyəti ikinci cəhd imtahanına da qatılır. Hətta qeydiyyatdan keçənlərin sayında ciddi fərq olmur. Çünki abituriyentlər düşünürlər ki, ikinci imtahana qədər olan müddətdə biliklərini bir qədər də artırmaqla yanaşı, psixoloji hazırlıqlarını da gücləndirə bilərlər. Keçirilən ikinci cəhd imtahanını da uğurlu hesab edirəm. Ümumilikdə, müəllimlər və repetitorlar Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanları yüksək səviyyədə təşkil olunan və qənaətbəxş imtahanlar kimi qiymətləndirirlər. Bunun əsas səbəbi odur ki, imtahan sualları tamamilə məktəb proqramına və tədris standartlarına uyğun hazırlanır. Eyni zamanda, imtahandan sonra qiymətləndirmə meyarlarının ictimaiyyətə açıq və şəffaf şəkildə təqdim olunması Dövlət İmtahan Mərkəzinin fəaliyyətində şəffaflığın göstəricisidir. Bu da ikinci cəhd imtahanının yüksək səviyyədə və uğurla təşkil olunduğunu bir daha təsdiqləyir. Təkmilləşdirilməsi ilə bağlı fikirlərimi yalnız ikinci cəhd imtahanı ilə məhdudlaşdırmazdım. Hesab edirəm ki, buraxılış imtahanlarının da iki dəfə keçirilməsi məqsədəuyğun olardı. Bu, abituriyentlərə öz biliklərini daha yaxşı nümayiş etdirmək üçün əlavə imkan yaradardı. Digər təklifim isə buraxılış imtahanının nəticələri ilə qəbul aparılan, xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisasların sayının artırılmasıdır. Hazırda bu istiqamətdə dizayn ixtisası kimi nümunələr mövcuddur. Belə ixtisasların sayının artırılması daha çox abituriyentin ali təhsil almaq imkanlarını genişləndirə bilər”.

 

Təhsil ekspertinin sözlərinə görə, hazırda Gəncə, Naxçıvan, Qərbi Kaspi Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ali təhsil müəssisələrində bu istiqamətdə müəyyən imkanlar mövcuddur:

 

“Bu imkanların daha da genişləndirilməsinə ehtiyac var. Beləliklə, buraxılış imtahanında kifayət qədər bal toplayan, lakin xüsusi qabiliyyət imtahanından keçə bilməyən və ya blok imtahanında istədiyi nəticəni əldə etməyən abituriyentlər ali təhsil imkanlarından kənarda qalmazlar. Son illərdə peşə təhsilinin inkişafı, yüksək texniki peşə təhsilini başa vuranlara subbakalavr statusunun verilməsi də müsbət addımdır. Bu, ali təhsilə alternativ imkanların genişlənməsi baxımından sevindirici yenilik hesab oluna bilər”.

 

Selcan Xudiyeva

#təkli̇f #keçirilməsi #ekspertdən #xəbər #imtahanlarının
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər