Çin ilk mülki kosmonavtını kosmosa göndərdi
Çin tarixində ilk dəfə bir mülki şəxs kosmosa göndərildi. Üç nəfərlik ekipajla yola çıxan kosmik gəmi dekabr ayından bəri Çinin kosmik stansiyasında olan ekipajı əvəz edəcək.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, Beihang Universitetinin Aviasiya İnstitutunda professor kimi çalışan Gui Haichao Çinin ilk mülki kosmonavtı olub. Çin elan edib ki, professorun vəzifəsi kosmik təcrübələr zamanı stansiyanın faydalı yükünü idarə etməkdir.
Sosial mediada professorun mülki şəxs olmasından başqa bir məsələ də gündəmə gəlib. Mediaya təqdim edilən fotolarda kosmonavtın eynək taxması səbəbindən gözü pis olan birinin niyə kosmosa göndərilməsi müzakirələrə səbəb olub.
Çin mediası professorun səhra sahəsində sınağı, yuxusuzluq testi və sualtı məşqlər kimi çətin tapşırıqları uğurla yerinə yetirdiyini və indi kosmos missiyalarında müxtəlif təcrübələr axtarıdığını yazıb.
