00:00:00
Yazar
Səadət Əlizadə
13.07.2026 18:44 24 2 dəq oxuma
Sosial

Çinlə elmi əməkdaşlıq Azərbaycanın ali təhsilinə nə qazandıra bilər?

 

Çinlə elmi əməkdaşlıq Azərbaycanın ali təhsilinə nə qazandıra bilər?

Çinin Hebey əyalətində Beynəlxalq İstedad Mübadiləsi Konfransında iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Hebey Pedaqoji Universitetinin rektoru professor Li Quicün ilə görüşüb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, AMEA ilə Hebey Pedaqoji Universiteti arasında əldə olunan əməkdaşlıq razılaşması Azərbaycanın elm və ali təhsil sistemi üçün bir sıra mühüm perspektivlər aça bilər:


“Bu əməkdaşlıq çərçivəsində hər iki ölkənin alimləri süni intellekt, təbiət və humanitar elmlər, təhsil və digər istiqamətlər üzrə birgə elmi tədqiqatlar və layihələr həyata keçirə bilərlər. Eyni zamanda doktorant, magistrant və tədqiqatçıların qarşılıqlı mübadilə proqramlarında iştirakı bilik və təcrübə mübadiləsinin güclənməsinə şərait yaradacaq.

Bundan əlavə, beynəlxalq elmi jurnallarda birgə məqalələrin dərc olunması, ortaq konfrans və elmi tədbirlərin təşkili Azərbaycanın elmi nüfuzunun artmasına töhfə verə bilər. Əməkdaşlıq çərçivəsində Çin universitetlərinin müasir laboratoriyalarından və inkişaf etmiş elmi infrastrukturundan istifadə imkanları da yarana bilər.

Çin universitetlərinin təcrübəsindən Azərbaycanın faydalana biləcəyi əsas istiqamətlərdən biri elm və innovasiyanın inteqrasiyasıdır. Bu sahədə universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, elmi nəticələrin kommersiyalaşdırılması, startap və texnopark ekosisteminin inkişafı üçün yeni imkanlar açıla bilər.

Bununla yanaşı, rəqəmsal təhsil istiqamətində də mühüm addımlar atıla bilər. Süni intellektin tədris prosesinə tətbiqi, ağıllı kampusların və rəqəmsal idarəetmə sistemlərinin yaradılması, eləcə də onlayn və hibrid təhsil modellərinin inkişafı bu əməkdaşlığın mühüm nəticələrindən biri ola bilər.

Lakin belə əməkdaşlıqların real nəticə verməsi imzalanan razılaşmaların konkret layihələrə çevrilməsindən asılı olacaq. Əgər birgə laboratoriyalar yaradılar, mübadilə proqramları genişləndirilər və ortaq qrant layihələri həyata keçirilərsə, bu, Azərbaycanın elmi potensialının güclənməsinə, beynəlxalq elmi əlaqələrinin genişlənməsinə və ali təhsilin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verə bilər”.

 

Səadət Əlizadə

#çinlə #gündəm #yeni #azərbaycanın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər