Çirkli pulların yuyulması: qeyri-qanuni gəlirlərin leqallaşdırılması
Çirkli pul dedikdə qeyri-qanuni yolla əldə edilən gəlirlər nəzərdə tutulur. “Çirkli pul” termini dünya leksikonuna ilk dəfə 1973-cü ildə “Watergate Scandal”ndan sonra daxil olub. Müasir dövrdə çirkli pulların yuyulması maliyyə təhlükəsizliyi üçün ciddi təhdid hesab olunur və dövlətlər bu halların qarşısını almaq üçün müxtəlif nəzarət mexanizmləri tətbiq edir.
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü vəkil Fariz Namazlı “İnformator.az” açıqlamasında bildirib ki, çirkli pulların yuyulması adətən bank əməliyyatları vasitəsi ilə olduğundan banklar bu cür əməliyyatları izləyir:
"30 dekabr 2022-ci ildə "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun qəbul edilib. Bu qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınmasını tənzimləyir. Çirkli pulların yuyulması, qeyri-qanuni fəaliyyətlərdən əldə edilən vəsaitin qanuni mənbədən gəlirmiş kimi göstərilməsi prosesidir. Bu proses adətən üç mərhələdə həyata keçirilir:
1. Yerləşdirmə - qeyri-qanuni pulların maliyyə sisteminə daxil edilməsi
2. İzlərin gizlədilməsi - çoxsaylı əməliyyatlarla pulun mənbəyinin qarışdırılması
3. İnteqrasiya - artıq “təmizlənmiş” vəsaitin iqtisadiyyata qanuni şəkildə qaytarılması.
Həmçinin müsahib qeyd edib ki, kriptovalyuta sektorunda da çirkli pulların yuyulmasından istifadə oluna bilir:
Bəzi sahələr, məsələn restoran, nağd pul əsaslı biznes sahələrində böyük həcmdə nağd əməliyyatlar aparmaq, gəlirləri süni şəkildə şişirtmək mümkündür. Eyni zamanda, kriptovalyuta sektorunda da çirkli pulların yuyulmasından istifadə oluna bilir. Bu proseslərin qarşısının alınması, ona nəzarət edilməsi üçün dövlət müxtəlif mexanizmlərdən istifadə edir. Burada əsas nəzarətedici qurum Mərkəzi Bankın yanında müstəqil struktur kimi yaradılmış Maliyyə Monitorinqi Xidmətidir. Çirkli pulların yuyulması adətən bank əməliyyatları vasitəsi ilə olduğundan banklar bu cür əməliyyatları izləyir. Belə ki, onlar müştərinin şəxsiyyətini, gəlir mənbəyini, fəaliyyət sahəsini müəyyən edir, eyni zamanda, onların həyata keçirdiyi iri məbləğli (iyirmi min manatdan artıq) əməliyyatları, tez-tez edilən köçürmələri, yüksək riskli ölkələrlə bağlı olan əməliyyatları izləyir. Maliyyə qurumları təqdim olunmuş sənədlər və məlumatlar əsasında bu əməliyyatların şübhəli olub-olmamasını müəyyən edir, əgər buna nail olmazsa, bu halda məlumatları Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidir. Maliyyə Monitorinqi orqanı aparılmış təhlil zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və ya digər cinayətlərin əlamətlərini müəyyən etdikdə bu barədə məlumat və sənədləri dərhal istintaq aidiyyəti üzrə cinayət təqibi orqanına təqdim etməlidir və bundan sonra hüquq mühafizə orqanları müvafiq cinayət təqibini həyata keçirməlidir".
Samirə Allahverdizadə