Cənubi Koreya Çin və Rusiya döyüş təyyarələrinn hava məkanına daxil olduğunu açıqladı
Cənubi Koreya 4 Çin və 4 Rusiya döyüş təyyarəsinin Koreya Hava Hücumundan Müdafiə və Müəyyənləşdirmə Bölgəsinə (KADİZ) daxil olduğunu bildirib.
İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Çin və Rusiya döyüş təyyarələrinin yerli vaxtla 11.52-13.49 arasında KADİZ bölgəsinə daxil olduğu bildirilib.
Açıqlamada təyyarələrin Cənubi Koreyanın hava məkanını pozmadığı, sözügedən təyyarələrin bir-birinin ardınca bölgəni tərk etdiyi bildirilib. Eyni zamanda təyyarələrin KADİZ-ə girməzdən əvvəl aşkar edildiyi, ola biləcək qəzalara görə Hərbi Hava Qüvvələrinə aid təyyarələrin bölgəyə göndərildiyi qeyd edilib.
Qeyd edək ki, beynəlxalq hüquqda heç bir tərifi olmayan və heç bir beynəlxalq orqan tərəfindən idarə olunmayan Hava Hücumundan Müdafiə və Müəyyənləşdirmə Ərazisi, ümumiyyətlə, ölkələr tərəfindən birtərəfli qaydada elan edilir.
İdentifikasiya zonasına ölkənin müəyyən edilmiş hava məkanını pozmaq niyyətində olmayan mülki təyyarələr daxil deyil, lakin əraziyə daxil olan hərbi təyyarələr potensial təhlükə kimi qiymətləndirilir və xəbərdarlıq edilir.
