Cənubi Qafqazda ehtimal olunan münaqişə
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiyaya münasibətdə ölkəsinin mövqeyinin aydın və praqmatik olduğunu bildirib. O, diplomatik münasibətlərin olmamasına və davam edən ərazi münaqişələrinə baxmayaraq, Gürcüstanın milli maraqlara əsaslanan siyasət yürütməyə davam etdiyini vurğulayıb.
Rustavi 2 telekanalına verdiyi müsahibədə Kobaxidze qeyd edib ki, Rusiya ilə münasibətlərdə “işğal məsələsi ilə bağlı qırmızı xətlər” mövcuddur və bu prinsiplərdən kənara çıxmaq mümkün deyil. Baş nazirin sözlərinə görə, Abxaziya və Cənubi Osetiyanın statusu dəyişmədiyi, yəni Gürcüstanın ərazi bütövlüyü təmin olunmadığı müddətdə Moskva ilə diplomatik münasibətlərin bərpası gündəmdə deyil.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, bu, potensial münaqişə deməkdir və belə bir şəraitdə Cənubi Qafqazda tam sabitlikdən danışmaq mümkün deyil:
“Sözün doğrusu, ölkənin baş nazirinin “pragmatik siyasət” ifadəsi ilə tam olaraq nəyi nəzərdə tutduğunu söyləmək çətindir. Ehtimal ki, Gürcüstanın baş naziri bu ifadəni işlədərkən, ölkənin Rusiyayla münasibətlərini hazırkı şəraitdə dondurulmuş vəziyyət kimi təqdim etmək istəyir. Yəni, ölkənin əraziləri işğal altında olduğu üçün Rusiya ilə formal və rəsmi münasibətlərin olmaması burada guya “pragmatik siyasət” kimi nəzərdən keçirilir.
Lakin Gürcüstanın ərazi bütövlüyünün təmin olunması üçün bu gün real bir prosesin getdiyini demək də çətindir. Əgər müqayisə aparsaq, Azərbaycan torpaqları işğal altında olduğu dönəmdə bir tərəfdən sürətli ordu quruculuğu ilə məşğul olurdu, digər tərəfdən açıq şəkildə bildirirdi ki, diplomatik yollar nəticə verməsə, problemin hərbi yolla həllinə üstünlük veriləcək.
Amma hazırda Gürcüstanla Rusiya arasında işğal olunmuş ərazilərin geri qaytarılması ilə bağlı heç bir danışıqlar prosesi getmir. Gürcüstan bu əraziləri hərbi yolla qaytarmaq niyyəti də ortaya qoymur. Faktiki olaraq elə bir vəziyyət yaranıb ki, sanki Gürcüstan həmin ərazilərdən imtina edib.
Bu siyasətin gələcəkdə necə nəticə verəcəyini söyləmək çətindir. Amma əgər ərazilərin qaytarılması üçün Rusiya ilə heç bir danışıqlar aparılmırsa, hərbi və ya diplomatik plan yoxdur, o zaman bu ərazilərin geri qaytarılması ümidlərinin az olduğu görünür. Əgər Gürcüstan bu yanaşma ilə davam edirsə, bu, həmin ərazilərin qayıtmayacağı ilə faktiki barışmaq anlamına gəlir.
Əslində, ərazilərin qaytarılması üçün ən azı diplomatik təmaslar olmalıdır. Əgər belə təmaslar mövcud deyilsə, ərazilərin nə vaxt geri qaytarılacağını söyləmək mümkün deyil. Ola bilər ki, Gürcüstan hakimiyyətinin başqa planları var, lakin görünən budur ki, hazırkı mərhələdə Gürcüstan dövləti öz ərazilərini işğaldan azad etmək üçün aydın bir strategiyaya malik deyil.
Əgər bu strategiya olsaydı, Gürcüstan-Rusiya münasibətlərinin gələcəyi ilə bağlı proqnoz vermək mümkün olardı. Amma hazırda ərazi bütövlüyü problemi region üçün də təhlükə mənbəyidir. Əgər bir ölkənin ərazi bütövlüyü pozulubsa, bu, potensial münaqişə deməkdir və belə bir şəraitdə Cənubi Qafqazda tam sabitlikdən danışmaq mümkün deyil”.
Aydan Əsgərxanlı
