Cənubi Qafqazda sülh prosesi Danimarka biznesi üçün yeni üfüqlər açır
Sülh prosesindəki irəliləyiş təkcə region üçün deyil, Danimarka da daxil olmaqla Avropa ölkələri üçün də yeni perspektivlər açır.Bu baradə Azərbaycanın Danimarkadakı səfiri Zaur Əhmədov bildirib.Diplomatın sözlərinə görə, TRIPP-in istifadəyə verilməsi ilə Azərbaycanın Orta Dəhlizdəki strateji rolu əhəmiyyətli dərəcədə güclənəcək.
Bu məsələ ilə bağlı iqtisadçı Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki,Orta və Uzaq Asiya ölkələri üçün Avropa bazarlarına çıxışı asanlaşdıracaq :
"Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olması, ilk növbədə, region ölkələrinin iqtisadi inkişafı üçün geniş perspektivlər açır. Bu regionun coğrafi mövqeyi də xüsusi əhəmiyyət daşıyır: Xəzər dənizi ilə Qara dəniz arasında yerləşməsi həm Şimal, həm Cənub, həm də Orta Asiya, Uzaq Asiya və Avropa, o cümlədən Aralıq dənizi ölkələri üçün mühüm körpü rolunu oynayır.
Əgər Cənubi Qafqazda sabitlik möhkəmlənərsə, adı çəkilən regionlar arasında birbaşa əlaqələrin həm quru, həm də dəniz yolu ilə genişlənməsi mümkün olacaq. Bu isə Avropa iqtisadiyyatına əlavə təkan verəcək, bazarların canlanmasına səbəb olacaq, eyni zamanda Orta və Uzaq Asiya ölkələri üçün Avropa bazarlarına çıxışı asanlaşdıracaq. Beləliklə, yeni ticarət imkanları formalaşacaq və tərəflərin iqtisadi inkişafı üçün geniş imkanlar yaranacaq.
Bu kontekstdə Zəngəzur dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Onun reallaşması Avropa iqtisadiyyatı üçün yeni bir dəstək kanalının açılması deməkdir. Azərbaycan isə yaratdığı nəqliyyat infrastrukturu ilə regionda mərkəzi dəhliz rolunu oynayaraq Cənubi Qafqazın iqtisadi inkişafına mühüm töhfə verəcək".
Xədicə Məhərrəmli