COVID-19-u aşkarlayan üsul indi başqa xəstələrin də həyatını xilas edir
Bu üsul COVID-19-u müəyyən edib. İndi isə həkimlərə həyatla ölüm arasında seçim etməyə kömək edir.
2019-cu ilin dekabr ayının sonunda Çinin üç böyük şəhərindən olan virusoloqlar qrupu ağır pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərdən götürülmüş nümunələri araşdırmağa başladı.
Xəstələrin hamısı Uhan şəhərindəki Huanan dəniz məhsulları bazarında olmuş, qısa müddət sonra isə səhhətləri kəskin pisləşmişdi. Lakin aparılan analizlər nəticə vermədi: nümunələrdəki genetik material əvvəllər aşkarlanmış heç bir patogenlə uyğun gəlmirdi.
Bundan sonra həkimlər metagenomik test kimi tanınan yeni üsula müraciət etdilər. Əvvəlcədən məlum olan mikrobları yoxlayan ənənəvi testlərdən fərqli olaraq, bu üsul nümunələrdəki bütün mikroorqanizmləri, o cümlədən əvvəllər aşkar edilməyənləri də müəyyənləşdirə bilir.
Test nəticəsində xəstələrin nümunələrindəki patogenin koronavirus ailəsinə yaxın olduğu üzə çıxdı. Bu ailəyə əvvəllər insanlarda ağır pnevmoniya epidemiyalarına səbəb olmuş, o cümlədən Yaxın Şərq respirator sindromunu (MERS) törədən viruslar da daxildir. Beləliklə, alimlər COVID-19-a səbəb olan virusu müəyyən etdilər.
Sinqapur Milli Universitetinin dosenti Nirancan Naqaracan bu üsulun əvvəlki pandemiyalarla müqayisədə böyük dönüş yaratdığını bildirir. Patogenin müəyyənləşdirilməsi COVID-19-un yayılmasının qarşısını almaq üçün diaqnostik testlərin sürətlə hazırlanmasına şərait yaratdı, eyni zamanda dünya üzrə müalicə üsulları və vaksinlərin hazırlanması istiqamətində intensiv araşdırmalara təkan verdi.
Metagenomik test bu günə qədər ən çox COVID-19-un aşkarlanmasındakı rolu ilə tanınır. Lakin hazırda bu üsul xəstəxanalarda da getdikcə daha geniş tətbiq olunur. O, sepsisin sürətlə diaqnoz edilməsinə və səbəbi bilinməyən xəstəliklərin müəyyənləşdirilməsinə kömək edərək insanların həyatını xilas edir.
Səadət Əlizadə