00:00:00
Yazar
Elmira Ağayeva
08.07.2026 19:13 23 3 dəq oxuma
Sosial

Dəniz hamınındır: Çimərliklərdə və istirahət mərkəzlərində "Giriş pulludur" qadağasının qanuni tərəfi

Dəniz hamınındır: Çimərliklərdə və istirahət mərkəzlərində "Giriş pulludur" qadağasının qanuni tərəfi



Yay mövsümünün gəlişi ilə çimərliklərə və istirahət mərkəzlərinə axın edən əhali bəzi özəl obyektlərin qanunsuz məhdudiyyətləri ilə qarşılaşır. Xüsusilə dəniz sahili zonaların hasarlanması, vətəndaşlardan əraziyə daxil olmaq üçün məcburi giriş haqqı tələb edilməsi hər il ciddi narazılıqlara və mübahisələrə səbəb olur. Qanunvericilikdə Xəzər dənizinin sahilboyu zolağının dövlətə məxsus olduğu və hər kəsin istifadəsinə açıq qaldığı təsbit edilsə də, reallıqda istehlakçıların hüquqları tez-tez pozulur.

 

Mövzu ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Məhəmməd Səfərov “İnformator.az”a açıqlamasında bildirib ki, özəl obyektlərin təqdim edilən əlavə xidmətlərə görə ödəniş tələb etməsi qanunidir:

 


"Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Xəzər dənizinin sahilboyu zolağı ümumi istifadədə olan ərazi hesab edilir və hər kəsin həmin ərazilərdən sərbəst istifadə etmək hüququ vardır. Bu baxımdan, vətəndaşdan yalnız dənizə girmək və ya qumlu sahədə istirahət etmək məqsədilə giriş haqqının tələb edilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Qanunvericiliyə əsasən bütün çimərliklərə giriş pulsuz olmalıdır. İnsanlar çimərliklərdə yalnız istifadə etdikləri xidmətlərin müqabilində pul ödəməlidirlər. Lakin, özəl obyektlərin təqdim edilən əlavə xidmətlərə, məsələn, şezlonq, çətir, hovuz, kabinə, qidalanma və digər xidmətlərə görə ödəniş tələb etməsi qanunidir. Ödəniş yalnız göstərilən xidmətə görə alınmalıdır, ümumi istifadədə olan sahəyə girişə görə deyil. Girişi qanunsuz olaraq məhdudlaşdırılan  vətəndaş ilk növbədə, sübut toplamalı, hadisənin foto və ya video görüntülərini çəkməlidir. Daha sonra əraziyə girişin qanunsuz məhdudlaşdırılması halı aradan qaldırılmadıqda, polisə məlumat verə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və yerli icra hakimiyyəti orqanına müraciət edə bilər.
Əgər vətəndaşın hüquqlarının pozulması nəticəsində ona maddi və ya mənəvi zərər dəyibsə, məhkəmə qaydasında da öz hüquqlarının müdafiəsini tələb etmək hüququ vardır. Azərbaycan qanunvericiliyinə əsasən, Xəzər dənizinin sahilboyu zolağından ümumi istifadə hüququ qorunur və sahilə girişin qanunsuz məhdudlaşdırılması yolverilməzdir. Müəyyən xüsusi rejimli ərazilərə (məsələn, hərbi obyektlər, təhlükəsizlik zonaları və qanunla müəyyən edilmiş digər yerlər) girişin məhdudlaşdırılmasına yol verilir".

 

Həmiçinin vəkil qeyd edib ki, Xəzər dənizinin sahili kommersiya məqsədilə tam şəkildə özəlləşdirilə bilməz:

 

"Ümumilikdə, özəl obyektlərin dənizin sahilboyu ümumi istifadədə olan hissəsini hasarlamaq və ya vətəndaşların sərbəst girişini məhdudlaşdırmaq hüququ yoxdur. Hətta obyekt sahilə bitişik torpaq sahəsindən qanuni istifadə etsə belə, bu hal sahilboyu ümumi istifadədə olan əraziyə insanların çıxışını bağlamaq səlahiyyəti vermir. Özəl mülkiyyət və ya icarədə olan obyektlər öz ərazilərini hasarlaya bilsələr də, dəniz sahilinə ümumi çıxışı bağlayacaq şəkildə hasar çəkmələri və ya bütün sahil xəttini zəbt etmələri qanunvericiliyin tələblərinə uyğun sayılmır. Dövlət orqanları belə qanun pozuntularını aradan qaldırmaq və qanunsuz hasarların sökülməsini təmin etmək səlahiyyətinə malikdir. Sahilboyu müəyyən mühafizə və istifadə rejimləri Azərbaycan Respublikasının Su Məcəlləsi və Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə tənzimlənir. Bu Məcəllələrin tələblərinin pozulması cinayət və ya inzibati məsuliyyətə səbəb ola bilər. Xəzər dənizinin sahili kommersiya məqsədilə tam şəkildə özəlləşdirilə bilməz. Özəl sahibkar yalnız göstərdiyi əlavə xidmətlərə görə ödəniş tələb edə bilər. Vətəndaşın dənizə çıxış hüququ isə qanunla qorunan ümumi istifadə hüququdur və bu hüququn əsassız məhdudlaşdırılması qanunvericiliyə ziddir".

 

Samirə Allahverdizadə

#Çimərliklər #qadağalar #qanunsuzməhdudiyyət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər