Düşənbədə tarixi görüş
2025-ci il oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş keçirilib. İki liderin bu vacib görüşü regional və beynəlxalq əhəmiyyət daşıyan məsələlərin müzakirəsi baxımından diqqət mərkəzindədir. Görüş barədə ilkin məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada politoloq Turan Rzayev bildirib ki,2017-ci ilə aid olan bu Düşənbə görüşü xüsusilə Azərbaycan və Rusiya arasında uzun müddətdir davam edən gərgin münasibətlər fonunda diqqət çəkib:
"Azərbaycanla Rusiya arasında bir sıra konkret problemlər mövcuddur və bu problemlər hələ də öz həllini tapmadığından, münasibətlər getdikcə daha da pisləşib və gərgin bir mərhələyə qədəm qoyub. Bu gərginliyin əsas səbəbləri isə böyük ölçüdə Rusiyadan qaynaqlanıb. Xüsusilə də Azal təyyarəsinin vurulmasından sonra rəsmi Moskvanın sərgilədiyi mövqe, hadisəni ilk vaxtlar ört-basdır etməyə çalışması və ən önəmlisi isə Azərbaycanın bu məsələyə dair konkret və əsaslı tələblərinə cavab vermək istəməməsi vəziyyəti daha da gərginləşdirən başlıca amillər idi. Məhz bu səbəbdən də keçirilən görüşdə ilk müzakirə olunan məsələlərdən biri məhz bu təyyarə hadisəsi və onun ətrafında yaranan gərginlik olub. Görüş zamanı ümumi münasibətlərin inkişafı və əməkdaşlıq məsələləri müzakirə edilsə də, əsas diqqət iki ölkə arasında mövcud olan problemlərə, xüsusilə də Rusiya tərəfinin tutumu və Bakının gözləntilərinə yönəlib. Bu baxımdan, görüşün əsas müzakirə mövzusu bu məsələlər olub, demək mümkündür. Əlbəttə ki, AZAL təyyarəsinin vurulması məsələsində Rusiyanın sərgilədiyi mövqe heç də konstruktiv sayıla bilməz. Fakt ondan ibarətdir ki, Rusiya hava məkanında, birbaşa Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin vurduğu Azərbaycan sərnişin təyyarəsi var. Beynəlxalq hüquqa görə, mülki təyyarələrin belə şəkildə hədəfə alınması, istər hərbi vəziyyət olsun, istərsə də başqa səbəblərdən qaynaqlansın, ciddi pozuntu hesab olunur. Rusiya tərəfi bu addımı istər ehtiyatsızlıqla, istərsə də bilərəkdən atmış olsun, hər iki halda üzr istəməli və məsuliyyət daşımalı idi. Lakin təəssüf ki, rəsmi Moskva nə üzr istəyib, nə də məsuliyyəti qəbul edib. Əksinə, Azərbaycanı günahkar çıxarmağa, prosesi ictimaiyyətin gözündə ört-basdır etməyə çalışıb. Azərbaycanın isə bu məsələyə dair irəli sürdüyü üzr, təzminat və digər hüquqi-diplomatik tələblər cavabsız qalıb. Burada xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan tərəfinin tələbləri Rusiyanı təzyiq altına almaq və ya özünü böyük göstərmək niyyəti daşımayıb. Bu tələblər Moskva Müqaviləsinin müttəfiqlik ruhuna əsaslanan, tamamilə qanuni və haqlı tələblər idi. Rəsmi Bakı sadəcə beynəlxalq hüquqa uyğun olaraq öz haqqını tələb edib".
Həmçinin Turan Rzayev bildirib ki, Rusiya tərəfi artıq edilən yanlışlığı başa düşüb və bu məsələ ölkə başçısı səviyyəsində müzakirə edilib:
"Bu, şübhəsiz ki, həm ciddi bir irəliləyiş, həm də əhəmiyyətlidir. Xüsusilə Rusiya tərəfinin artıq məsələ ilə bağlı məsuliyyətləri dərk etməsi və bunu rəsmi şəkildə bildirməsi sevindirici haldır. Çünki biz heç vaxt qonşularımızla münasibətlərimizin pis olmasını istəməmişik. Məsələn, Azərbaycan gərginlikdə maraqlı ölkə deyil. Biz imperialist bir ölkə olmadığımız üçün məsələlərə hər zaman konstruktiv tərəfdən və qarşılıqlı maraq kontekstində baxırıq. Eyni qaydada qarşı tərəfdən də həmişə belə bir təklif gözləyirik. Bunu etməyəndə isə, əlbəttə ki, Azərbaycan tərəfi siyasətində diplomatik şəkildə hərəkət etmir. Rəsmi Bakı lazım gəldiyi təqdirdə hər kəsə cavab verməkdə əqidə və gücündədir. Faktiki olaraq, bugünkü addım da bunu bir daha göstərir ki, Azərbaycana heç kəs hərbə-zorba dildə danışa bilməz. Rəsmi Bakı buna layiqli cavab verər. Amma əlbəttə ki, bizim üçün də gərginliyi azaltmaq üçün atılan addımlar hər zaman konstruktivdir və müsbət qarşılanır və biz də buna uyğun addımlar atırıq".
Aysun Vəliyeva
