"Dərin zərbə" təşəbbüsünə start verilib
Almaniya Ukrayna ilə birgə “dərin zərbə” təşəbbüsünə start verib. Müdafiə naziri Boris Pistorius 300 milyon avro dəyərində uzunmənzilli dronların istehsalı və tədarükünə dair müqavilələrin imzalanacağını açıqlayıb. Məqsəd Ukraynanın müdafiə gücünü artırmaq və Rusiyanın hərbi potensialını zəiflətməkdir.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a açıqlamasında bildirib ki, Almaniyanın Ukrayna ilə birgə həyata keçirdiyi “dərin zərbə” təşəbbüsü regional güc balansına birbaşa təsir göstərə bilər:
"Uzunmənzilli dronların istehsalı və tədarükü Rusiyanın strateji dərinliyini hədəfə almağa imkan verəcək ki, bu da Moskvanın döyüş meydanındakı üstünlüyünü zəiflədə bilər. Belə bir addım həm də NATO daxilində Avropanın daha fəal mövqe tutmağa başladığını göstərir və ABŞ-dən asılılığın müəyyən qədər azaldılması baxımından əhəmiyyətlidir.
Layihədə Ukraynanın yerli müdafiə sənayesinin iştirakı isə ölkəyə strateji üstünlüklər qazandırır. İlk növbədə, bu, texnologiya transferini və yerli istehsalın inkişafını stimullaşdırır. İkincisi, Ukrayna ordusu öz ehtiyaclarına uyğun dizayn edilmiş məhsullara çıxış əldə edəcək, bu da müharibə şəraitində çevikliyi artıracaq. Üçüncüsü, uzunmüddətli perspektivdə Ukraynanın müdafiə sənayesi müstəqil güc mərkəzinə çevrilə bilər və ölkənin iqtisadiyyatına yeni impuls verə bilər.
“Dərin zərbə” təşəbbüsü Avropa təhlükəsizliyi üçün də mühüm mesaj daşıyır. Bu addım göstərir ki, Avropa ölkələri yalnız müdafiə ilə kifayətlənmir, həm də hücum potensialını gücləndirməyə hazırdır. Bu, bir tərəfdən Rusiyaya qarşı kollektiv qətiyyəti nümayiş etdirir, digər tərəfdən isə Aİ daxilində vahid təhlükəsizlik siyasətinin formalaşması prosesini sürətləndirir. Gələcəkdə bu cür təşəbbüslər Avropanın strateji avtonomiyasını gücləndirə və qitənin müdafiə sistemində yeni bir mərhələ başlada bilər".
Billurə Quliyeva