Eduard Şevarnadze: Mənə deyirdilər, nə qədər ki, gec deyil…
İlqar Rəsulun Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze ilə söhbətini ixtisarla təqdim edirik (05. 08. 07)
Eduard Şevardnadze 1928-ci ildə Gürcüstanın Lancxuti rayonunun Mamati kəndində doğulub. Əvvəl bu respublikanın daxili işlər naziri, sonra yerli kommunist partiyasının birinci katibi olub. 1985-ci ildən SSRİ-nin xarici işlər naziri vəzifəsinə təyin edilib. 1990-cı ildə vəzifəsindən istefa verib. Bundan iki il sonra müstəqil Gürcüstanın parlamentinin sədri seçilib, 1995-2000-ci illərdə keçirilən prezident seçkilərində rəqiblərinə qalib gəlib. 2003-cü ildə ölkə tarixinə “qızılgül inqilabı” kimi düşən kütləvi etiraz aksiyaları zamanı istefaya gedib.
Eduard Şevardnadze 2014-cü ldə Tbilisidə vəfat edib.
- ............................................................
- ............................................................
- Bacı, qardaşlarınızdan sizdən başqa kimsə qalırmı?
- Yox, yox... Qardaşlarımın hamısı dünyasını dəyişdi. Bacım da vəfat etdi. Həyat yoldaşım da həmçinin…
- Belə tək yaşayanda adam özünü necə hiss edir?
- …Necə hiss eləyər… 2003-cü ilin sonu mən istefaya getdim. Halbuki prezidentlik dövrümün sonuna hələ 1 il 8 ay qalırdı. Amma bir vaxtlar mənim yetişdirdiyim gənclər əleyhimə kampaniya təşkil etdilər. Xalqın müəyyən bir hissəsi də onların arxasında dayandı. Və onlar parlamentə soxuldular. Həmin vaxt mən hesabatla çıxış edirdim. Demək olar ki, çıxışımı yekunlaşdırmışdım. Onlar rəyasət heyətinə qalxıb mənim yerimi tutdular. Dedilər ki, bundan sonra Gürcüstana biz rəhbərlik edəcəyik.
-Təəssüflənirsiniz o vaxtkı qərarınıza görə?
- Mən istefaya getməyimə görə təəssüflənmirəm. Baxmayaraq ki, həmin insidentdən,yəni onlar zorla parlamentə girdikdən sonra mən ölkədə “xüsusi vəziyyət” elan etmişdim. Bu barədə telekanallar və digər KİV-lər də məlumat yaydı. Mən prezident və ali baş komandan olaraq qalırdım. Təbii ki, ordu da mənə tabe idi və onun vasitəsilə onları məğlub edə bilərdim.
- Bəs niyə bunu etmədiniz. Bu çoxlarını düşündürdü?
- Axşam evə gedəndə düşündüm, axı həm bu, həm də o tərəfdən qırılan gürcülər olacaq. Nə fərqi var onlar tərəfdarlardır ya əleyhdarlardır. Cox qan töküləcəkdi. Sora bu regionlara, rayonlara, şəhərlərə keçəcəkdi. Vətəndaş müharibəsi başlayacaqdı. Biz isə vətəndaş müharibəsindən cəmi 4-5 il əvvəl xilas olmuşuq. Buna görə də mən istefa vermək qərarına gəldim.
- İlk olaraq bu qərarınızdan kim xəbər tutdu?
- Mənim xanımım, həyat yoldaşım vardı. Təhsilli, çox savadlı bir qadın idi. Həm də məsləkdaşım idi. Mən nə baş verdiyini ona anlatdım. Heç demə o artıq televizordan hər şeyi bilirmiş. Məndən niyə “xüsusi vəziyyət” elan etdiyimi soruşdu. Dedi bu müharibə deməkdi. “Sən qan tökmək istəyirsən?” “Yox”, - dedim, - qan tökülməyəcək. Ancaq siz də sabahdan və ya birisi gündən mənim prezident olmamağıma adət etməlisiniz. Mən artıq prezident deyiləm. Oturacağam evdə və işləyəcəyəm”.
Xanımım bu qərarımı alqışladı. Bu vaxt Parisdən oğlum zəng etdi. Soruşdu ki, “Tbilisidə qan töküləcək?” “Yox, - dedim, -istəyirsən, gəl özün gör. Hər şey sülhlə yoluna qoyulacaq”.
Elə belə də oldu.
- Cənab Şevarnadze, Sovet İttifaqının dağılmasına az qalmış siz SSRİ xarici işlər naziri vəzifəsindən istefa verdiniz. Bu, gəminin tezliklə batacağını hiss edib onu tərk etmək istəyi idi, yoxsa nə?
- Bilirsiniz məndə dəqiq məlumat var idi. XİN sistemində səfirliklər də daxil olmaqla təxminən 6 minə yaxın adam işləyirdi. Onların da təxminən 30 faizi çekistlər idi. Ona görə də məndə daha çox məlumat olurdu nəinki baş katibin özündə.
Mənə deyirdilər ki, Qorbaçova və onun yenidənqurma siyasətinə qarşı qiyam hazırlanır. Və nə qədər ki, gec deyil…
Onlar hətta qiyamçıların toplaşdığı yeri də dedilər. Aralarında hərbçilər də var idi. Çox idilər. Bu barədə Qorbaçova da, Yeltsenə də başqalarına da dedim. Heç kim əhəmiyyət vermədi.
Yeri gəlmişkən, xalqa da heç nə demirdilər. Onda mən tribunaya qalxıb dedim ki, əksinqilab üzərimizə gəlir. Sabah və ya o biri gün onlar Ağ Evdə olacaqlar.. Mən əksinqilaba etirazımı bildirirəm. Və bu etirazın ifadəsi olaraq istefa verirəm.
- Hansı vəziyyət sizin üçün daha gərgin idi-SSRİ-nin xarici işlər naziri vəzifəsindən getmək, yoxsa Gürcüstanın prezidenti postunu tərk etmək?
- Hər ikisi çətin idi. Çünki mən 5-6 il ərzində bütün dünyanı hərlənmişdim. Bir çox işləri yoluna qoymuşduq. Təbii ki, Qorbaçov əsas idi. Amma xarici siyasət idarəsinin rəhbəri mən idim. Bu müddət ərzində amerikalılarla münasibəti qaydaya sala bildik. ABŞ prezidenti Ronald Reyqanla 8-10 dəfə görüşüm oldu və s.
- Cənab Şevardnadze, bir vaxtlar sizin nazir etdiyiniz adam az sora sizi keçmiş prezident etdi. Bu, Şevardnadzenin səhvi deyildi ki?
- Kimi nəzərdə tutursunuz?
- Mixail Saakaşvilini.
- Yox. Nə səhv. Mən öz istəyimlə istefaya getmişəm. Mən ki, sizə dedim. Hansısa kompromis təklif var idi. Amma mən onlara deməyə imkan vermədim və istefaya getdiyimi bildirdim.
- Bu hadisələr, Gürcüstandakı bu dəyişiklik sizin həyatınızda nəyi dəyişdi?
- Şəxsən mənim həyatımda çox şey dəyişmədi. Bax görürsünüz, bu gün sizinlə görüşürəm. Jurnalistlərin çoxu yanıma gəlir. Mühafizədə işləyən dostlarım. Onlarla mən çox tez-tez məsləhətləşirəm. Təəssüratlarımı bölüşürəm və sairə.
- Taleyinizə iki Mixailin ciddi təsiri olub: Qorbaçov və Saakaşvili. Bu adamları necə xarakterizə edərdiniz?
- Onları müqayisə etmək çox çətindir. Qorbaçov partiya, dövlət işində çox böyük təcrübəyə malik lider idi. Saakaşvili isə, düzdü o ədliyyə naziri olmuşdu, ancaq qısa müddət. Sonra o istefaya getdi və parlamentin deputatı oldu. Belə də ki, onların hər ikisi yaxşı, istedadlı adamlardır.
- Hara sizi özünə daha çox çəkir. Harda özünüzü rahat hiss edirsiniz?
- O yerdə ki, hazırda oturmuşam.
- İndi dostlarınızdan kimsə var yanınızda?
- Çoxları gəlir.
- Heydər Əliyevlə də dost idiniz.
- Biz qardaş idik. Əsl qardaş. Heydər Əliyev bugünkü Gürcüstan üçün həddən çox iş görüb. Çox təəssüf edirəm ki, tez getdi.
- İndi Azərbaycana onun oğlu İlham Əliyev rəhbərlik edir. Onu necə dəyərləndirirsiniz?
- O, gözəl insan və yaxşı dostdur. O, bir vaxtlar SSRİ-nin Xarici İşlər Nazirliyində işləyib. Yaxşı diplomatdır. Və Azərbaycanın lideri kimi də yaxşı adamdır. Heydər Əliyev özündən sonra yaxşı varis, yaxşı davamçı qoyub getdi. Azərbaycanın yaxşı prezidenti var.
- Hansısa köməyə ehtiyac olsa, ona güvənirsiniz?
- Güvənirəm. Hökmən güvənirəm. Hətta bəzi məsələlərlə bağlı müraciət də edirəm.
- Cənab Şevardnadze, həyatınızda ən yaxşı və ən pis hadisə hansılar olub?
- Məncə, nə baş veribsə hamısı qanunauyğunluqdur. Həmçinin də istefalar. Kitab yazmağım da qanunauyğunluqdur. Çünki mənim ümumiyyətlə qələmlə münasibətim pis olmayıb. Hətta uşaqlıq illərində də pis yazmırdım… Mən hələ narazı deyiləm və özümü də yaxşı hiss edirəm.
- Gülləri xoşlayırsınız?
- Əlbəttə. Həyətdə də çoxlu bitkilər, meyvələr var.
- Qızıl gülü necə, xoşlayırsınız?
- Hamısını xoşlayıram. Nə ki təbiətdədir hamısını. Qızıl gülü də həmçinin.
- Amma Gürcüstanda hakimiyyətin dəyişməsinə səbəb olan hadisəni “qızılgül inqilabı” adlandırırlar.
- Mən bu fikirlə razı deyiləm. Heç bir inqilab yoxdur və olmayıb. Bu prezidentin könüllü istefası idi.
Söhbətləşdi: İlqar Rəsul
