00:00:00
Yazar
Admin User
15.12.2025 14:05 183 3 dəq oxuma
Dünya

" Ermənistan Aİ-nin Cənubi Qafqaz layihələrində iştirakını müsbət qarşılayır"

" Ermənistan Aİ-nin Cənubi Qafqaz layihələrində iştirakını müsbət qarşılayır"

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Aİ ilə bir çox sahələrdə əməkdaşlığının genişləndirilməsi məqsədilə aparılan müzakirələr barədə danışıb və viza verilməsi prosesinin sadələşdirilməsi ilə əlaqəli fikir mübadilələrinin davam etdiyini deyib.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki,  Avropa İttifaqının Cənubi Qafqazda həm geosiyasi, həm də geoiqtisadi maraqları mövcuddur. Bu gün Aİ həmin maraqlarını Ermənistan üzərindən reallaşdırmağa daha real baxır:

 

"Hazırda Ermənistan Avropa İttifaqı ilə təmaslarını kifayət qədər intensiv şəkildə genişləndirməkdədir. Bu, bütövlükdə Cənubi Qafqaz regionundakı ümumi vəziyyətə də təsir göstərir, tamamilə təbii haldır, çünki Ermənistan Cənubi Qafqaz ölkəsidir və nəzərə almaq lazımdır ki, Avropa İttifaqının mülki missiyası 2022-ci ildən etibarən Ermənistan ərazisində fəaliyyət göstərir. Ermənistanla Aİ arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir. Bu, aparılan müzakirələr və Avropa İttifaqının dəstəklədiyi istiqamətlər əsasında formalaşan ümumi mənzərədir. Əməkdaşlıq humanitar sahələrdən tutmuş iqtisadi inkişaf, inzibati islahatlar, həmçinin müdafiə və təhlükəsizlik sahələrini əhatə edir. Əgər əməkdaşlıq gələcəkdə Ermənistanı regionda yenidən gərginlik yaratmağa təşviq etmirsə, bu zaman narahatlıq üçün əsas yoxdur. Lakin əgər bu əməkdaşlıq narahatlıq doğuran məqamları da əhatə edirsə, o zaman Azərbaycan tərəfi buna uyğun şəkildə reaksiya verməlidir. Məsələn, bir neçə gün öncə Aİ ilə Ermənistan arasında imzalanmış sənəddə regiondakı vəziyyətin təhrif olunması faktını Azərbaycan narahatlıqla qarşılayıb. Bu səbəbdən də Azərbaycanın Xarici İşlər Nazirliyi müvafiq şəkildə reaksiya bildirib. Belə ki, Azərbaycan xalqına və dövlətinə qarşı separatizm və digər cinayətləri törətmiş şəxslər həmin sənəddə hərbi əsirlər kimi təqdim olunurlar. Həmçinin, Azərbaycan ərazisindən könüllü şəkildə Ermənistan ərazisinə köç edən ermənilərin miqrasiyası, Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlarla əlaqələndirilir. Belə yanaşmalar realıqların kobud şəkildə təhrif olunmasıdır. Məhz bu səbəbdən Azərbaycan tərəfi öz mövqeyini və narazılığını ifadə edib. Xatırlatmaq lazımdır ki, 2024-cü il aprelin 5-də Brüsseldə ABŞ-nin sabiq dövlət katibi Antoni Blinken, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen arasında görüş baş tutmuşdu. Görüşün məqsədi Ermənistana əlavə təhlükəsizlik təminatlarının və müdafiə sahəsində dəstəyin göstərilməsi idi. Həmin dövrdə Ermənistan aktiv şəkildə silahlanır, hərbi təlimlər keçirib".

 

Politoloq qeyd edib ki, Brüssel görüşündən sonra Ermənistana hərbi dəstəyin artırıldığı müşahidə olunub. Bu isə regionda ümumi təhlükəsizlik vəziyyəti üçün müəyyən təhdidlər yaradır. Bütün bu proseslərin fonunda müxtəlif səviyyələrdə müvafiq istiqamətlər üzrə müzakirələr aparılıb:

 

"Təbii ki, Azərbaycanın hazırkı siyasi-diplomatik və hərbi gücü fonunda Ermənistanın Azərbaycana qarşı açıq şəkildə çıxış etməsi reallıqdan uzaq və demək olar ki, intihara bərabər addım ola bilər. Bu vəziyyəti həm Avropa İttifaqındakı dairələr, həm də Ermənistan rəhbərliyi aydın şəkildə dərk edir. Çünki Azərbaycana qarşı istənilən təxribat Ermənistan üçün ağır nəticələr doğura bilər. Buna baxmayaraq, yenə də real faktların təhrifindən çəkinmirlər. Ümumilikdə Avropa İttifaqı ilə Ermənistan arasında təmasların sıxlaşması Aİ-nin regionda mövcud olan geosiyasi maraqları ilə bağlıdır. Həmçinin, Aİ-nin Ermənistandakı siyasi rejimə müəyyən təsir imkanları var. Hər bir subyektin istənilən coğrafiyada həyata keçirdiyi siyasi, diplomatik və iqtisadi əlaqələr əsasən geosiyasi maraqlar kontekstində qiymətləndirilir. Avropa İttifaqının Cənubi Qafqazda həm geosiyasi, həm də geoiqtisadi maraqları mövcuddur. Bu gün Aİ həmin maraqlarını Ermənistan üzərindən reallaşdırmağa daha real baxır. Lakin Cənubi Qafqazda baş verən proseslərə əsas və real təsir imkanı məhz Azərbaycana məxsusdur. Çünki ərazi bütövlüyümüz və suverenliyimiz artıq bərpa edilib və bu, regionda prosesləri istiqamətləndirmək imkanımızı əhəmiyyətli dərəcədə artırıb. Bu baxımdan Ermənistan rəhbərliyi regiondakı sabitliyə təhlükə yarada biləcək addımlardan və əməkdaşlıqlardan çəkinməlidir. Eyni zamanda, Avropa İttifaqı da bu proseslərə eyni məntiqlə, reallıqlar əsasında yanaşmalıdır".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər