Ermənistan seçkilərin təhlükəsizliyi üçün AB-dən dəstək istəyir
AB-nin ali nümayəndəsi Kaya Kallas bildirib ki, Ermənistan qarşıdan gələn seçkilərə xarici müdaxilənin qarşısını almaq üçün Avropa Birliyindən kömək istəyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Ermənistana verilə biləcək dəstək müzakirə olunur.
Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistan hökümətinin bu addımı ölkə daxilində birmənalı qarşılanmayacaq:
“Paşinyanın qarşısında yer alan müxalif-radikal düşərgədə bu addım hətta suverenliyə xarici müdaxilə kimi qiymətləndirilməyə cəhd edilə bilər.Bu əməkdaşlıq eyni zamanda Ermənistanın geosiyasi maraqlarının daha açıq şəkildə Qərbə doğru yönəldiyini göstərir. Avropa Birliyinin prosesə cəlb olunması regionda, xüsusən də Rusiyanın ənənəvi təsir zonası kontekstində diqqətlə izləniləcək. Digər tərəfdən, AB-nin Ermənistana mümkün texniki və institusional dəstəyi Brüsselin regionda öz təsir dairəsini genişləndirmək cəhdi kimi də dəyərləndirilə bilər. Qurumun son zamanlar regiona siyasi cəhətdən ölçülüb-biçilməmiş müdaxilə cəhdlərini də nəzərə alsaq aydındır ki, bu, təkcə seçkilərin təhlükəsizliyi məsələsi ilə məhdudlaşmır.Bu proses Ermənistan-AB münasibətlərinin daha irəli mərhələyə keçməsi üçün zəmin yaratsa da, onu dərhal strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcək addım kimi qiymətləndirmək hələ tezdir. Buna baxmayaraq, indiki addım Ermənistanın Avropa Birliyi ilə münasibətlərini dərinləşdirmək niyyətinin növbəti açıq siqnalı kimi qiymətləndirilə bilər”.
Mələk Hüseynova