Ermənistanın Sərhəd Təxribatları: Sülhə Maneə və İnformasiya Müharibəsi
“Caliber.az” məlumat verir ki, Ermənistan əsgəri Qazaxla şərti sərhəddə təxribat törədib. O silahını Azərbaycan ərazisinə tuşlayıb və bir müddət həmin ərazidə qalaraq ərazini müşahidə edib. “Caliber.az”ın məlumatına görə Ermənistan şərti sərhəddə vəziyyəti gərginləşdirməyə və Azərbaycanı buna reaksiya verməyə məcbur etməyə çalışır. Ermənistanın bu təxribatının sabitliyi pozmağa yönəldiyi aydın başa düşülür. Amma bilməlidirlər ki, Azərbaycan heç bir təxribata uymayacaq.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Natiq Miri bildirib ki, zaman-zaman silahların susmaması, atəşkəsin pozulması bir siyasətdir və indiki vəziyyətdə Nikol Paşinyanın maraqlarına xidmət edir:
"Bu cür təxribatlar, atəşkəs pozuntusu sadəcə Qazaxla həmsərhəd bölgədə həyata keçirilmir, bir çox bölgələrdə bu hallara rast gəlinir. Yəni, bunun konkret hansısa simvolik məna daşıdığını iddia etmək olmaz. Bu davamlı prosesdir və daha çox beynəlxalq ictimaiyyəti, xüsusən də, Ermənistana havadarlıq edən qərbi prosesə cəlb etməkdir. Əslində, bu cür atəşkəs pozuntuları 2020-ci il 10 noyabr razılaşmasında bəri davam edir və istisna deyil ki, sülh müqaviləsi imzalanana qədər də bu cür pozuntular olacaq. Çünki bu, indiki Ermənistan hökumətinin maraqlarına xidmət edən hadisədir. Əgər əvvəllər böyük hərbi xarakterli təxribatlar törədilirdisə, indi daha kiçik, lokal və bir neçə dəqiqəlik atəşkəs pozuntusu baş verir. Bu da həm hökumətin maraqlarına xidmət edir, həm də Ermənistan Ordusunda nizam-intizamın çox aşağı olduğunun göstəricisidir".
Siyasi şərhçi atəşkəs pozuntularının delimitasiya prosesinə təsiri olub-olmayacağından da danışıb:
"Belə kiçik atəşkəs pozuntularının delimitasiya, sərhədlərin müəyyənləşməsi prosesinə zərər gətirəcəyini düşünmürəm. Çünki danışıqlar gedir, kanallar açıqdır. Yenidən sərhədlərin müəyyənləşməsi prosesi başlayacaq. Doğrudur, bu Ermənistan üçün ağrılı məsələdir. Çünki Azərbaycanın konkret tələbləri və işğal altında olan əraziləri var. Bu ərazilərin qaytarılması Nikol Paşinyan hökuməti üçün çox ağrılı məqamdır. Çünki müxalifət, revanşist qüvvələr daim fürsət gözləyir ki, hökumət əleyhinə çıxsınlar.
Ermənistan bəhanə uydurur ki, sülh müqaviləsi imzalanmadan bəzi məsələləri həll etmək çətindir və Azərbaycana atəşkəs pozuntularını birgə araşdırmaq üçün mexanizmlərin yaradılmasını təklif edir. Amma bu real deyil və Azərbaycan haqlı olaraq bunu qəbul etmir. Ona görə də düşünürəm ki, atəşkəs pozuntuları ən azından, sülh müqaviləsi imzalanana və 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçirilənə qədər davam edəcək. Atəşkəs pozuntuları beynəlxalq diqqəti Azərbaycan-Ermənistan münasibətlərinə, Cənubi Qafqaza cəmləyir. Çünki bu kontekstdə maliyyə, humanitar yardımlar Ermənistana sərf edir. Azərbaycan-Ermənistan sərhədində guya sabitliyi qoruyan “Aİ müşahidə missiyası” var. Digər tərəfdən, atəşkəs pozuntuları və silahların susmaması Ermənistan cəmiyyətində qorxu, xof yaradır və müharibə ehtimalını gündəmdə saxlayır. Nikol Paşinyan isə 2021-ci parlament seçkilərində “sülh və ya müharibə” arqumentini istifadə edə bildisə, 2026-cı ildə də yenidən bu şüar ən ciddi şüar olacaq. Çünki qarşı tərəf Ermənistan ictimaiyyətinə müharibədən başqa heçnə vəd etmir. Bu baxımdan, zaman-zaman silahların susmaması, atəşkəsin pozulması bir siyasətdir və indiki vəziyyətdə Nikol Paşinyanın maraqlarına xidmət edir.
Siyasi şərhçi Ermənistanın informasiya savaşına məsələsinə də toxunub:
"Zaman-zaman Ermənistan informasiya savaşından Azərbaycana qarşı istifadə etmək istəyir və bu atəşkəs pozuntusunun səbəbkarı kimi Azərbaycanı göstərir. Hətta ola bilsin ki, Ermənistanı dəstəkləyən yalançı Aİ missiyası öz mərkəzlərinə doğru olmayan informasiyalar ötürür və hətta Azərbaycanın guya hücuma hazırlaşdığını iddia edirlər. Əlbəttə ki, bu cür hadisələr həmişə Ermənistan üçün informasiya savaşının tərkib hissəsi olacaq".
Günel Verdiyeva