00:00:00
Yazar
Səadət Əlizadə
20.04.2026 15:57 22 2 dəq oxuma
Sosial

 Fişinq hücumları genişlənir: Saxta mesajlar vasitəsilə məlumat oğurluğu artır

 Fişinq hücumları genişlənir: Saxta mesajlar vasitəsilə məlumat oğurluğu artır

Son vaxtlar internet və telefon vasitəsilə göndərilən saxta mesajlar çoxalıb. Xüsusilə “kargo şirkəti”, “bağlamanız çatdırıla bilmədi” və ya “linkə daxil olun” kimi mesajlar insanları aldatmaq üçün istifadə olunur. Bu mesajlar çox vaxt rəsmi şirkətlərin adından göndərilmiş kimi görünür. İnsanlar da inandıqları üçün həmin linklərə daxil olub şəxsi məlumatlarını - kart məlumatları, şifrələr və digər vacib informasiyaları - paylaşa bilirlər. Nəticədə isə bu məlumatlar oğurlanır və ciddi problemlər yaranır.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İT mütəxəssisi Elvin Həsənov bildirib ki, bu tip mesajlar artıq fişinq hücumlarının ən geniş yayılan formasıdır və burda məqsəd çox sadədir:

 


“İstifadəçini tələsdirib linkə daxil etdirmək və oradan onun məlumatlarını toplamaq. İnsanlar belə saxta mesajları bir neçə sadə əlamətlə tanıya bilər. İlk olaraq, göndərən ünvana baxmaq lazımdır. Digəri isə, gələn mesajın mətni və tonuna diqqət edilməlidir. Əgər “təcili”, “son xəbərdarlıq”, “indi daxil olun” kimi ifadələr varsa bu kimi sözlər istifadəçini panikaya salmaq üçündür. Rəsmi qurumlar adətən bu qədər təzyiq yaradan üslubdan istifadə etmir. Bundan əlavə “bağlamanız çatdırıla bilmədi” kimi mesajların saxta olduğunu anlamağın ən asan yolu isə linkə baxmaqdır. Çox vaxt link real şirkətin adına bənzəyir, amma içində kiçik fərqlər olur. Əlavə hərf, fərqli domen və ya qəribə uzantı kimi hallar diqqət edilməli olan məqamdır. Məsələn “.gov”, “.az” əvəzinə başqa, tanınmayan sonluqlar olur. Bir də düşünmək lazımdır ki, həqiqətən bağlama gözləyirsinizmi? Əgər yoxdursa, bu artıq şübhəli vəziyyətdir. Ən sadə təhlükəsizlik qaydaları isə əslində çox effektivdir. İlk olaraq, mesajdakı linkə birbaşa klik etməmək. Əgər doğrudan da bağlama ilə bağlı məlumat yoxlamaq istəyirsinizsə, şirkətin rəsmi saytına özünüz daxil olun. Digəri isə, heç vaxt kart məlumatlarını, şifrələri və ya sms təsdiq kodlarını belə səhifələrdə daxil etməmək. Son olaraq, tələsməmək lazımdır. Çünki dələduzlar məhz istifadəçinin tələsik qərar verməsini gözləyirlər”.


Səadət Əlizadə

#vasitəsilə #artır #hücumları #oğurluğu #fişinq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər