Əfqanıstan–Pakistan sərhədindəki gərginlik
Oktyabrın 11-də Pakistanla Əfqanıstan arasında yerləşən sərhəd bölgəsində baş vermiş silahlı qarşıdurma nəticəsində ciddi itkilər qeydə alınıb.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, hal-hazırda tərəflər bir-birlərini ittiham edirlər:
“Ümumiyyətlə, Əfqanıstanla Pakistan arasında "Sərhəd bölgəsi" adlanan ərazi 19-cu əsrin sonlarından etibarən tayfalar və etnik qruplar arasında davamlı qarşıdurmalara səhnə olub. Pakistan dövləti yarandıqdan sonra sərhəd bölgəsi rəsmi olaraq iki dövlət arasında bölünsə də, bu bölünmə yalnız kağız üzərində qalıb. Heç bir komissiya yaradılmayıb, sərhəd xətləri dəqiq müəyyənləşdirilməyib. Nəticədə, gərginlik bu günə qədər davam edir. Tarixi olaraq Taliban hərəkatı Pakistanın dəstəyi ilə formalaşıb. ABŞ-nin Talibana olan təsirin uzun müddət Pakistan vasitəsilə həyata keçirilib. Bu yaxınlarda Pakistan hökuməti həmin bölgədə yaşayan Əfqan qaçqınlarının ölkədən çıxarılması üçün tədbirlər görməyə başlayıb və yüzlərlə qaçqını geri göndərib. Pakistan hakimiyyəti qeyd edib ki, sərhəd bölgəsinə Əfqan teroristləri tərəfindən atəş açılıb. Pakistan rəsmiləri Əfqanıstan hökümətinə müraciət edib lakin cavab ala bilməyiblər. Pakistan höküməti Kabil və digər bölgələrə aviaradarlarla tutmuşdur. Nəticə olaraq Pakistan-Əfqanıstan arasında münaqişə alovlanıb. Taliblərin verdiyi məlumatına görə , 25-ə yaxın Pakistana məxsus hərbi istehkamlar tutulub. Pakistanlılar isə Əfqanıstana məxsus 19 hərbi istehkam tutulub.
Hər iki tərəfdən xeyli sayda itki verildiyi deyilir .Taliban 50-dən çox pakistanlı hərbçini, Pakistan isə 19 Taliban döyüşçüsünü məhv etdiyini bildirir. Son məlumata görə, Səudiyyə Ərəbistanının və Qətərin vasitəçiliyi ilə döyüşlər dayandırılıb və hazırda nisbi sakitlik hökm sürür. Bununla belə, tərəflər bir-birini ittiham etməkdə davam edir”.
Politoloq eyni zamanda açıqlamasında bildirib ki, regiondakı bu gərginlikdə həm Çin, həm də Hindistanın maraqları var:
“Son dövrlər Hindistanın Talibanla yaxınlaşması müşahidə olunur. Hindistan Kabildə səfirliyini açıb və yatırım planları irəli sürür. Bu isə Çin, Hindistan və Pakistan arasında maraqların toqquşmasına səbəb olur. Gözləntilərə görə, Pakistan-Taliban qarşıdurması uzunmüddətli müharibəyə çevrilməyəcək. Çünki bu münaqişə nə regional, nə də qlobal güclərin maraqlarına uyğundur. Əfqanıstan Hindistan və Avropa arasında mühüm nəqliyyat yolunun üzərində yerləşdiyindən, böyük güclər bölgədə sabitliyin təmin olunmasına çalışacaqlar.
Digər mühüm məsələ isə ABŞ-nin yenidən bölgəyə maraq göstərməsidir. Prezident Donald Trump-ın administrasiyası ABŞ-nin vaxtilə inşa etdiyi və sonradan tərk etdiyi Bagram hərbi bazasını yenidən nəzarətə götürmək niyyətindədir. Bu baza strateji əhəmiyyət daşıyır və Çinə yaxın məsafədə yerləşir”.
Bayramlı Zəri
