Fransa Prezident Sarayında oğurluq
Fransa prezidentinin rəsmi iqamətgahı olan Yelisey sarayından dövlət qəbullarında istifadə edilən 100-ə yaxın çini və qab-qacaq oğurlandıqdan sonra 3 nəfər həbs edilib.
Fransada yeni oğurluq hadisəsi ictimai rəyi sarsıdıb. Yelisey sarayında prezidentin rəsmi qəbullarında istifadə edilən çini və qab-qacaqların yoxa çıxdığı bildirilir. Prokurorluqdakı mənbələrdən verilən məlumata görə, Yelisey sarayında keçirilən rəsmi ziyafətlərdə və qəbullarda istifadə edilən süfrələrdə zamanla nəzərəçarpacaq çatışmazlıqlar müşahidə olunub. Daxili yoxlamalardan sonra vəziyyət təhlükəsizlik bölmələrinə çatdırılıb və iş Paris Baş Prokurorluğunun koordinasiyası ilə istintaqa çevrilib. Çatışmayan əşyalar arasında, xüsusən də, əsasən Sevrdən olan çini boşqablar, fincanlar və müxtəlif qab-qacaq parçaları var. Bu əşyaların dövlət protokolunda istifadə olunan məhsullar və dövlət inventarının bir hissəsi olduğu deyilir.
Hadisənin üzə çıxması ilə bağlı aparılan araşdırmalar nəticəsində bir saray işçisi və daha iki şəxs barəsində qanuni proses başlanıb.
İstintaq çərçivəsində polis şübhəlinin evinə basqın edib. Axtarışlar zamanı təxminən 100 ədəd çini və qab-qacaq ələ keçirildiyi açıqlanıb. Prokurorun ifadəsinə görə, müsadirə edilən əşyalar arasında Sevr çini, Baccarat markalı qədəhlər, mis mətbəx qabları kimi müxtəlif qiymətli parçalar olub. İşdə diqqəti çəkən detallardan biri də bəzi əşyaların onlayn satış platformalarında tapılması olub. Prokurorluq bildirib ki, bəzi parçaların onlayn satışa çıxarıldığını göstərən tapıntılar istintaqa daxil edilib.
Zərər on minlərlə avro olaraq qiymətləndirilir, işə 2026-cı ilin fevralında baxılacaq.
Səlahiyyətlilər hadisə nəticəsində dəyən zərərin 15-40 min avro arasında olduğunu bildirib. Şübhəlilər zaminə buraxılıb, iş 2026-cı ilin fevralında məhkəməyə çıxarılacaq. Prezidentlik inventar izləmə və təhlükəsizlik prosedurlarına yenidən baxılacağını, oxşar hadisələrin qarşısının alınması üçün əlavə tədbirlərin görüldüyünü bildirib.
Yelisey sarayından çini oğurluğu son vaxtlar Fransada manşetlərə çevrilən silsilə mədəni irs oğurluqlarını xatırladıb. Xüsusilə, Luvr Muzeyinin Qalereya d'Apollon bölməsindən fransız tacının zinət əşyalarının oğurlanması ölkə daxilində təhlükəsizlik müzakirələrinə səbəb oldu; şübhəlilərin müəyyən edilərək məsuliyyətə cəlb olunduğu barədə mətbuatda məlumat yayılıb. Bundan əlavə, Parisdəki Musee Cognacq-Jay "Luxe de poche" sərgisi zamanı oğurluq hadisəsi ilə gündəmə gəlmişdi və burada oğurlanmış artefaktlardan bəzilərinin sonradan tapıldığı açıqlanıb. Bu hadisələr muzeylərdə və dövlət qurumlarında inventarların izlənməsi, daxili auditlər, kadrlara nəzarət və sərgilərin təhlükəsizliyi ilə bağlı daha sərt və çəkindirici sistemlərə ehtiyac olduğunu vurğulayıb.
Aydan Əsgərxanlı
CNN Türk
