Fransada 2027-ci il seçkiləri vətəndaş müharibəsinə səbəb ola bilərmi? – ŞƏRH
Fransada 2027-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi qüvvələrin fəallaşması və ölkədəki qütbləşmənin dərinləşməsi diqqət çəkir. İfrat sağçı və solçu qüvvələrin hakimiyyət uğrunda mübarizəsi ölkənin gələcək siyasi kursu ilə yanaşı, Avropa İttifaqı və NATO ilə münasibətlərinə də təsir göstərə bilər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla bildirib ki, hazırda Fransada müşahidə olunan qarşıdurmalar birbaşa prezident seçkiləri ilə əlaqəli deyil və əsasən sosial tələblərdən qaynaqlanır.
Müsahibin sözlərinə görə, mövcud gərginliyin vətəndaş müharibəsinə çevriləcəyi ehtimalı aşağıdır:
“Fransa Avropa İttifaqının ən inkişaf etmiş və siyasi baxımdan sabit ölkələrindən biridir. Hazırda yaranmış vəziyyət isə daha çox prezident Emmanuel Makronun yanlış siyasətinin və idarəetmədə buraxdığı səhvlərin nəticəsidir. Düşünürəm ki, Makrondan sonrakı dövrdə Fransada sabitliyin bərqərar olması və bir sıra problemlərin aradan qaldırılması mümkündür”.
Siyasi şərhçi hesab edir ki, seçkilərdə ifrat sağçı və ya ifrat solçu namizədin qalib gəlməsi Fransa ilə yanaşı, Avropa İttifaqı üçün də müəyyən risklər yarada bilər. Çünki bu siyasi qüvvələrin Fransa ilə Avropa İttifaqı və NATO arasındakı münasibətlərə yenidən baxılması ilə bağlı mövqeləri var.
Müşfiq Abdulla xatırladıb ki, oxşar siyasi müzakirələr 2017-ci il prezident seçkiləri zamanı da gündəmdə olub. Həmin vaxt Marin Le Pen prezident seçiləcəyi təqdirdə Fransanın Avropa İttifaqından və NATO-dan çıxacağını bəyan edib:
“Lakin həmin seçkilərdə Fransa əhalisinin böyük hissəsi Avropa İttifaqında qalmaq və mövcud inteqrasiya kursunu qorumaq mövqeyini seçdi. Emmanuel Makronun qələbəsi də bunun göstəricisi idi. Hesab edirəm ki, qarşıdakı seçkilərdə də Avropa İttifaqı öz siyasi xəttinə yaxın namizədin qalib gəlməsində maraqlı olacaq”.
Şərhçi əlavə edib ki, Marin Le Pen və Jan-Lük Melankon kimi siyasətçilərin hazırkı bəyanatlarında populist yanaşmalar üstünlük təşkil edir. Onun fikrincə, bu açıqlamalar daha çox seçicilərin dəstəyini qazanmağa hesablanıb və hakimiyyətə gəldikdən sonra onların siyasətində müəyyən dəyişikliklər baş verə bilər:
“Populist siyasətçilər hakimiyyətə gəldikdən sonra irəli sürdükləri bütün vədləri reallaşdıra bilmirlər. Buna görə də hesab edirəm ki, seçkilərdən sonra hansı namizəd qalib gəlsə, real siyasi şərtləri nəzərə almağa və Avropa İttifaqı ilə münasibətləri qorumağa çalışacaq. Fransanın Avropa strategiyasına zidd addımlar atması ölkənin öz milli təhlükəsizliyi baxımından da ciddi risklər yarada bilər”.
Müşfiq Abdullanın qənaətinə görə, yeni prezidentin daxili siyasətində müəyyən dəyişikliklər gözlənilsə də, Fransanın xarici siyasət kursunda kəskin dönüş baş verməsi ehtimalı yüksək deyil. O, həmçinin seçkilərə qədər namizədlərin reytinqlərinin dəyişə biləcəyini və nəticədə Fransa seçicilərinin ifrat sağçı və ya solçu namizəd əvəzinə mərkəzçi, yaxud sağ mərkəzçi mövqeli siyasətçiyə üstünlük verə biləcəyini istisna etməyib.
Fatimə Hüseynova