Fransada Naheli öldürən polis üçün yığılan pulun məbləği açıqlandı
Nahelin ölümünə səbəb olan polis üçün toplanan ianənin məbləği 850 min avronu keçib. Nahelin ailəsi polisə verilən dəstəkdən əsəbiləşərək “Qəlbimiz qırıldı” deyib.
İnformator.az Türkiyə mediasına istinadən bildirir ki, Fransada 17 yaşlı Nahel adlı gənci öldürən polis üçün ianə kampaniyası başladılıb. Daha əvvəl 700 min avro olaraq açıqlanan məbləğ son olaraq 850 min avronu ötüb.
"Bir yeniyetməni güllələyən və ümummilli iğtişaşlara səbəb olan Fransa polisinə edilən ianə bazar ertəsi səhər saatlarında 850 min avronu keçib" deyə France 24 bildirib.
Xatırladaq ki, Fransa polisi iyunun 27-də Nanterredə 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı sürücü Nael M-ni öldürüb. Nahelin ölümünə reaksiya verən Fransa vətəndaşları ölkənin müxtəlif şəhərlərində küçələrə çıxaraq polislə qarşıdurmalar yaşanıb. Gənci qətlə yetirən polis məmuru həbs edilib və məhbus kimi mühakimə olunub.
Bundan əlavə, Paris, Marsel və Lion kimi bir çox şəhərdə keçirilən etiraz aksiyaları zamanı qarət və talan baş verib, saat 21:00-dan etibarən 10 şəhərdə komendant saatı elan edilib.
