Fransada polis məmuruna yardım toplanması bir çoxlarının etirazına səbəb oldu
Fransada miqrant yeniyetmənin öldürülməsi fonunda keçirilən etiraz aksiyaları ilə yanaşı qatilə dəstək verilməsi böyük səs-küyə səbəb olub. Bu, irqçiliyin dərin kök saldığı ölkədə qütbləşmənin də kifayət qədər dərinləşdiyini göstərir. Sadə vətəndaşlar bir yana, siyasi dairələrdə də fikir ayrılıqları mövcuddur.
Ötən həftə 17 yaşlı yeniyetməni güllələyərək Fransada iğtişaşlara səbəb olan polis üçün toplanılan ianə 1 milyon avronu keçib. Bununla da qurbanın ailəsi üçün yığılan ianənin miqdarını- 189 min avronu kölgədə qoyub. İfrat sağçı media şərhçisinin Gofundme-də (Qo-fand-mi) başlatdığı yardım kampaniyasında 40 mindən çox insan iştirak edib. Nahelin nənəsi nəvəsini qətlə yetirən polisə göstərilən dəstəyə görə etiraz edib. Bildirib ki, həmin polis nəvəsinin canını alıb və o da hamı kimi bunun əvəzini ödəməlidir.
Fransanı ayağa qaldıran hadisə və onun ardından başlayan yardım kampaniyaları ölkədəki siyasi parçalanmanı üzə çıxarıb. Hadisədən sonra bəzi sağçılar təhlükəsizlik qüvvələrini müdafiə etməyə çalışsa da, solçular yeniyetmənin ölümünü Fransa polisinin irqçilik problemi ilə əlaqələndiriblər. Yardım kampaniyasına reaksiya verən Sosialist Partiyasının sədri Olivie For - platformaya mesaj göndərərək bunu biabırçılıq adlandırıb. Respublikaçılar Partiyasının sədri Erik Çiotti isə kampaniyanı müdafiə edib. Sosial mediada etirazçılar yardım kampaniyasına sərt reaksiya veriblər.
Hadisədən sonra 38 yaşlı polis məmuru qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb. İlk ifadəsində yeniyetmənin zərər vermək məqsədilə avtomobilini onların üstünə sürdüyünü, həyatının təhlükədə olduğunu düşünərək müdafiə məqsədi ilə atəş açdığını bildirib. Ancaq sosial mediada yayılan görüntülərdə məmurun avtomobili saxladığı, “başına güllə dəyəcək” dediyi, daha sonra atəş açdığı anlar aydın görünür. Hadisə zamanı avtomobilin içərisində olan şahid verdiyi açıqlamada polisin atəş açmazdan əvvəl oğlanın başına vurduğunu bildirib.
Yeniyetmənin öldürüldüyü yerdə isə çiçəklər düzülüb. Üzərində “Nahel üçün ədalət” yazılan pankartlar yerləşdirilib.
Şəbnəm
