Fransada süni intellekt çevriliş edib
Fransada dövlət çevrilişi ilə bağlı iddialar süni intellektin yaratdığı iddia edilən və reallığı əks etdirməyən videoya görə yaranıb. Sosial şəbəkələrdə sürətlə yayılan videoya milyonlarla insan baxıb, həm ictimai, həm də beynəlxalq aləmdə narahatlıq yaradıb. Makron administrasiyası videonu silməyə cəhd etsə də, sosial media platforması bundan imtina edib. Makron bu vəziyyətin demokratiya üçün ciddi təhlükə yaratdığını vurğulayıb.
Makron hökumətinin hələ də hakimiyyətdə olmasına baxmayaraq, milyonlarla insan videonun gerçək olduğuna inanıb. Makron bildirib ki, bir sıra xarici liderlər və afrikalı həmkarları ona zəng edərək ölkədəki vəziyyətlə maraqlanıblar. O, Afrika liderinin "Ölkənizdə nələr baş verir? Mən çox narahatam" deyən mesajı danışıb. Makron videoya 12 milyon dəfədən çox baxıldığını da qeyd edib.
Prezident Makron bildirib ki, o, komandasına videonun silinməsinə cəhd etməyi tapşırıb, lakin bu, uğursuz alınıb. O, rəsmilərin Facebook ilə əlaqə saxladığını, lakin platformanın videonun istifadə şərtlərini pozmadığını əsas gətirərək onun silinməsi tələbini rədd etdiyini bildirib.
Bu vəziyyətin demokratik sistemlər üçün ciddi risk yaratdığını vurğulayan Makron sosial media platformalarının ictimai müzakirələrin sabitliyinə və demokratiyaların suverenliyinə yetərincə dəyər vermədiyini bildirib. O xəbərdarlıq edib ki, süni intellekt tərəfindən yaradılan məzmunun yaratdığı informasiya çirklənməsi cəmiyyətləri potensial olaraq xaosa aparan təhlükəli nəticələrə səbəb ola bilər.
Aydan Əsgərxanlı
CNN Türk
