Gürcüstan AŞPA-nın işində iştirakdan imtina edir
Gürcüstan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) fəaliyyətində iştirakını dayandırdığını elan edib. Bu barədə ölkə parlamentinin sədri Şalva Papuaşvili açıqlama verib.
Spikerin sözlərinə görə, AŞPA-nın Gürcüstanın suverenliyinə hörmətsizlik nümayiş etdirən son qətnaməsindən sonra ölkənin nümayəndə heyəti qurumun fəaliyyətində iştirak etməyəcək. Papuaşvili həmin sənədi “sovet üslublu” bir sənəd adlandıraraq, qurumu dəstəklədiyi dəyərlərə xəyanətdə ittiham edib.
“Gürcü xalqının öz gələcəyini müəyyən etmək hüququna hörmətsizlik göstərilir. Əgər bu hüquq tanınmırsa, biz də AŞPA-nın bir hissəsi olmayacağıq”, – deyə o bildirib.
Rəsmi Tbilisi beynəlxalq qurumlarda artan qərəzli yanaşmalardan narahatlıq ifadə edir və qərarını bu kontekstdə əsaslandırır.
ANEWZ
Gülhüseynova Güllər