00:00:00
Yazar
Elmira Ağayeva
01.05.2026 21:27 25 2 dəq oxuma
Sosial

Gediş haqqı bitdi, ödənişi bitmir: Bank kartları niyə hədəfə çevrilib?

Gediş haqqı bitdi, ödənişi bitmir: Bank kartları niyə hədəfə çevrilib?

Son günlər bəzi vətəndaşlar bank kartlarından nəqliyyat vasitələrində ödəniş adı ilə əlavə və ya icazəsiz məbləğlərin çıxıldığını iddia edirlər. Məsələ ilə bağlı sosial şəbəkələrdə və şikayət platformalarında artan müraciətlər müşahidə olunur.

 

Mövzu ilə bağlı şəhər sakini Zümrüd Hətəmova bildirib ki, gündəlik həyatında nəqliyyatdan çox istifadə edir:

 

“Məsələn, o gün evdə idim, baxdım ki, nəqliyyatdan istifadə etməmişəm, lakin kartımdan pul öz-özünə çıxıb. Belə hallarla qarşılaşdıqda kartla nəqliyyatda ödənişə qarşı məndə etimadsızlıq yaranır. Bununla bağlı banka müraciət etməmişəm, lakin etmək fikrim var. Ümid edirəm ki, belə hallar bir daha təkrarlanmaz və qarşısı qısa müddətdə alınar”.

 

Digər şəhər sakini Gülnur Qasımzadə isə bildirib ki, belə hallar kartla ödənişə olan etimadını azaldıb:

 

“Bəzən texniki problem olanda insanlar narahatlıq yaşayır. Ona görə belə hallar baş verəndə başqa kartla və ya telefonla ödəniş etməyi üstün tuturam. Bu barədə hələ banka və ya aidiyyəti quruma müraciət etməmişəm, amma problem təkrarlanarsa müraciət etməyi düşünürəm”.

 

Mövzu ilə bağlı AYNA-ya sorğu göndərilib, qurum isə bankla əlaqə saxlamağı bildirib. Kapital Bankın mətbuat xidmətindən verilən məlumata görə, ictimai nəqliyyatda gediş haqqının ödənilməsi Bakı Metropoliteni və BakıKart sisteminin idarəçiliyindədir:

 

“NFC və QR texnologiyaları vasitəsilə həyata keçirilən ödənişlərin texniki tərəflərini də bu qurumlar tənzimləyir. Bank olaraq bizə ötürülən əməliyyat məlumatları əsasında yalnız müəyyən edilmiş məbləğin müştərinin kartından silinməsi prosesini icra edirik”.

 

K Group” MMC / BakıKart ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Aynur Kərimli isə bildirib ki, ictimai nəqliyyatda bank kartı ilə ödənişlər xüsusi mexanizm əsasında həyata keçirilir:

 

“Sərnişin kartını validator cihazına yaxınlaşdırdıqda sistem 1 saniyədən də qısa zamanda keçidi təmin edir. Hətta kartda kifayət qədər vəsait olmasa belə, gediş təmin edilir. Bu səbəbdən bəzi hallarda ödəniş dərhal kartdan çıxılmır, lakin gediş qeydə alınır və daha sonra bank tərəfindən emal olunaraq silinir. Yəni əməliyyat əvvəlcə təsdiqlənir, daha sonra sistem vasitəsilə emal olunur”.

 

Onun sözlərinə görə, bu istiqamətdə şəffaflığın təmin edilməsi üçün işlər aparılır:

 

“Test mərhələsində olan yeniliklər çərçivəsində yaxın zamanda sərnişinlərə təqdim ediləcək qəbzlərdə gedişin istifadə tarixi, marşrut xətti və ya metro stansiyası açıq şəkildə əks olunacaq. Bu dəyişikliklərdən sonra sərnişinlər çıxılan məbləğin hansı gün və hansı marşrutda istifadə olunduğunu daha rahat izləyə biləcəklər. Məqsəd tam şəffaflıq təmin etmək və yaranan anlaşılmazlıqları aradan qaldırmaqdır”.

 

 

Mələk Hüseynova

#Bank #Bakıkart #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər