GEROPHARM Azərbaycanda tirzepatid əsaslı ilk şpris-qələm preparatını təqdim edib
GEROPHARM şirkəti Azərbaycanda tirzepatid əsaslı ilk şpris-qələm preparatı olan Sejaro®-nu təqdim edib.
Bu addım piylənmə və 2-ci tip şəkərli diabetin müalicəsində müasir yanaşmaların inkişafında mühüm mərhələ hesab olunur.
Son bir neçə ildə tirzepatid dünya endokrinologiyasında ən çox müzakirə olunan innovativ molekullardan birinə çevrilib. Molekul beynəlxalq bazarlarda təqdim olunan Mounjaro® preparatı sayəsində geniş tanınıb. Sejaro®, aktiv maddəsi tirzepatid olan orijinal preparatın analoqudur.
Bu barədə "İnformator.az" xəbər verir.
Preparatın daxili orqanların ətrafında yığılan və ən təhlükəli piy növü hesab edilən visseral piy toxumasına təsiri tibb birliyinin xüsusi diqqət mərkəzindədir. Çünki məhz bu piy növü 2-ci tip şəkərli diabet, arterial hipertenziya və ürək-damar xəstəliklərinin yaranma riskini kəskin şəkildə artırır.
Beynəlxalq klinik tədqiqatların nəticələrinə əsasən, tirzepatidin istifadəsi şəkərli diabeti olmayan pasiyentlərdə 72 həftə ərzində bədən çəkisinin 22,5%-dək azalmasına, həmçinin bel çevrəsinin orta hesabla 14,6 sm azalmasına imkan verib. Mütəxəssislərin əlavə marağı preparatın ikiqat təsir mexanizmi ilə əlaqədardır. Bu mexanizm eyni zamanda iştahın tənzimlənməsinə, maddələr mübadiləsinə və qanda qlükoza səviyyəsinə təsir göstərir.