"Gənclərimizi xaotik təşəbbüslərə qoşulmamağa çağırırıq"
Bəsti Nəsibova
"Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyinin sədri
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatna qətiyyətli cavab verilib.
Müdafiə Nazirliyi tərəfindən yayılmış videolardan da göründüyü kimi, düşmənə güclü zərbə endirilib. Onların canlı qüvvəsi və texnikası məhv edilib. Azərbaycan dövləti hər bir addımında, qətiyyətli mövqeyində göstərir ki, ərazilərimizdə ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə vurğuladığı bu məsələ onun fəaliyyətində də özünü əyani şəkildə büruzə verir.
Azərbaycan beynəlxalq təşkilatlarda öz sözünü deyən, mövqeyini ortaya qoyan və yüksək nüfuza malik olan ölkədir. Dövlətimiz beynəlxalq təşkilatların sıradan üzvü deyil, qərarların qəbul edilməsində həlledici mövqeyə malik olan tərəfdaşıdır.
Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Siyasi mövqeyimizə və siyasətimizə məğlub olan düşmən çıxış yolunu təmas xəttində, cəbhədə atəşkəsi pozmaqda görür. Ölkə daxilindəki gərginliyi, xalqın diqqətini cəbhədə qarışıqlıq yaratmaqla yayındıra bilir. Zəif iqtisadiyyat, regionda həyata keçirilən irimiqyaslı layihələrdən kənarda qalmaq Ermənistanın işğalçılıq siyasətinin özləri üçün yaratdığı gerilikdir.
Ötən gün baş vermiş təxribat əməlləri beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındırmaqla yanaşı, ölkə daxilində yaşanan gərginliyini azaltmaq üçün ictimaiyyətin diqqətini yayındırmaq məqsədi də güdür. Hər bir təxribatçı əməli nəticəsində Ermənistan tərəfinin hücumu ordumuz tərəfindən qətiyyətlə alınır. Yalnız cəbhədə, təmas xəttində deyil, beynəlxalq tribunalarda da düşmənə layiqli cavab verilir. Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi Azərbaycan Prezidentinin siyasi iradəsini, liderlik bacarığını nümayiş etdirdi. Bu tribunlardan çıxışlar onu nümayiş etdirdi ki, Azərbaycan yalnız hərbi imkanları ilə deyil, faktlar, tarixi həqiqətlərlə bağlı çıxışı ilə də düşməni yerində oturtmağa qadirdir.
Təxribatı qarşılığında susdurulan və geri oturdulan düşmən bu dəfə də həqiqəti gizlətməyə çalışır. İtkilərini gizlətməklə, dezinformasiya yaymaqla, qarşı tərəfin nəyə nail olmaq istədiyi müəmmalıdır. Lakin sosial şəbəkələrdə paylaşımlar edən erməni əhalisi həqiqətin dilə gətirilməsini tələb edir, itkilərin əslində çox olduğunu bildirirlər.
Belə bir vəziyyətdə sosial şəbəkə istifadəçilərinə səslənirik. Hər bir gəncin, Vətənini sevən soydaşlarımızın döyüşə can atması, torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulmaq istəyi təqdirəlayiqdir. Lakin hər birimiz anlamalıyıq ki, xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər.
Azərbaycan güclü orduya malikdir. Ali baş komandanın rəhbərliyi altında ordumuzun ərazilərimizi işğaldan azad edəcəyinə hər birimiz inanırıq və əminik.
