“Həm qadınlar, həm də kişilər üçün pensiya yaşı 60 olmalıdır” - Sosioloq
Azərbaycanda qadınların pensiya yaşı daha 6 ay artırılaraq 65 yaşa çatdırılıb və bununla da kişilərin pensiya yaşı ilə bərabərləşdirilib. Qanunvericiliyə edilən dəyişikliklər nəticəsində, artıq həm qadınlar, həm də kişilər 65 yaşında pensiyaya çıxacaqlar. Ekspertlər hesab edirlər ki, pensiya yaşının artırılması əmək bazarı, ailə münasibətləri və əhalinin sosial rifahı baxımından yeni müzakirələrə səbəb olacaq.
Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı “İnformator.az”a açıqlamasında bildirib ki, qadın və kişilər üçün pensiya yaşının bərabərləşdirilməsi gender bərabərliyi prinsipinə uyğundur. Əsas problem pensiya yaşının bərabər olmasında deyil, onun yüksək müəyyən edilməsindədir:
“Son dövrlərdə cəmiyyətdə gender bərabərliyi ilə bağlı müzakirələr aparılırdı və qadınlar bu prinsipin tam təmin olunmasını tələb edirdilər. Hökumət də cəmiyyətin rəyini nəzərə alaraq gender bərabərliyini pensiya məsələsində də təmin edib. Beləliklə, kişilərlə qadınlar arasında pensiya yaşı eyniləşdirildi. Əvvəl qadınlar kişilərdən 5 il əvvəl pensiyaya çıxırdılar. Əgər gender bərabərliyindən danışırıqsa, bunun nəticəsi də budur”.
Ekspertin sözlərinə görə, sosial baxımdan qadınlar kişilərdən orta hesabla 5-6 il daha çox yaşayırlar, kişilər isə daha ağır və təhlükəli əmək şəraitində çalışırlar:
“Bu amillər nəzərə alınsa, kişilər üçün pensiya yaşının qadınlardan yüksək olması məntiqli olmazdı. Lakin əsas məsələ pensiya yaşının ümumilikdə yüksək müəyyən edilməsidir. Hesab edirəm ki, hazırkı şəraitdə həm qadınlar, həm də kişilər üçün pensiya yaşı 60 olmalıdır. Əmək bazarında yaşlı şəxslərin işə qəbulunda ciddi problemlər mövcuddur. Artıq bir çox hallarda 40-50 yaşlı şəxslər belə işə qəbul edilmir. Belə olan halda, insanlar pensiya yaşına çatana qədər uzun müddət işsiz qalırlar. Bu isə onların ağır sosial vəziyyətə düşməsi deməkdir. Həm dövlət qurumlarında, həm də özəl sektorda yaş həddinin göstərilməsi qadağan olunmalıdır. Əsas meyar şəxsin yaşı deyil, onun təcrübəsi, biliyi və peşə bacarığı olmalıdır. MDB və ətraf ölkələrdə pensiya yaşı əsasən 60-63 yaş arasında dəyişir. Azərbaycanda isə bu göstərici daha yüksəkdir”.
Onun sözlərinə görə, pensiya yaşının müəyyənləşdirilməsi zamanı bir neçə əsas prinsip nəzərə alınmalıdır:
“Birincisi, ölkədə gözlənilən orta ömür müddəti nəzərə alınmalıdır. İkincisi, yaşlı insanların işə qəbul və işdə qalma imkanları təmin edilməlidir. Üçüncüsü isə əməkhaqqı ilə pensiya arasındakı nisbət diqqətdə saxlanılmalıdır. Əmək bazarında yaşlı insanların məşğulluğu üçün şərait yaradıldığı halda, pensiya yaşının yüksək olması problem yaratmır. Lakin yaşlı şəxslərin işə qəbulunda məhdudiyyətlər mövcud olduqda bu, ciddi sosial problemə çevrilir. Bütün bu məsələlər kompleks şəkildə tənzimlənməli, müxtəlif sosial və yaş qruplarının maraqları qorunmalıdır. Həm məşğulluq, həm də gəlirlilik baxımından balans təmin edilməlidir”, - deyə ekspert fikrini yekunlaşdırıb.
Fatimə Hüseynli